Çexiyanın paytaxtı Praqada bıçaq və balta ilə silahlanmış şəxs Klinik və Eksperimental Tibb İnstitutunun (İKEM) yataqxanasının ərazisinə daxil olaraq iki nəfərə hücum edib.
Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Praqa polis idarəsinin mətbuat katibi Rixard Hrdina açıqlama verib.
Polis rəsmisinin məlumatına əsasən, qanlı insident iyulun 16-da axşam saatlarında qeydə alınıb:
"Səbəbi hələlik məlum olmayan balta və bıçaqla silahlanmış şəxs tibb institutunun yataqxanasında iki nəfərə hücum edib. Hadisənin bütün iştirakçıları bu institutun sanitarlarıdır".
O vurğulayıb ki, zərərçəkənlərin hər ikisi Çexiya vətəndaşıdır. Onlardan biri aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Mətbuat katibinin sözlərinə görə, hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Təcavüzkar şəxs asayiş keşikçilərinə müqavimət göstərməyə çalışdığı üçün polislər xidməti silah tətbiq edərək onu zərərsizləşdiriblər.