Qazaxıstan məhkəməsi Rusiyanın "Qazprom" şirkətindən 1.4 milyard dolların Ukraynanın "Naftogaz" şirkətinin xeyrinə məcburi şəkildə tutulmasına icazə verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Naftogaz" İdarə Heyətinin sədri Sergey Koretskiy "Facebook" hesabında paylaşıb.
O bildirib ki, Qazaxıstan məhkəməsinin bu addımı beynəlxalq arbitraj qərarının icrasına icazə verən ilk açıq xarici məhkəmə qərarıdır.
"Qazprom" tərəfi arbitraj qərarını icra etməyib və "Naftogaz"ın iddiasına görə müqavilə öhdəliklərini pozub.
"Naftogaz" nümayəndələri bildiriblər ki, şirkət borcun məcburi şəkildə ödənilməsi üçün hüquqi prosesləri davam etdirir və digər ölkələrdə də eyni qərarın icrasına çalışır.
Müqaviləyə əsasən, 2019-cu ildə imzalanmış qaz tranzit sazişi çərçivəsində "Naftogaz" Rusiyanın "Qazprom" şirkəti üçün Ukrayna ərazisi ilə qaz tranzitini təmin etməli idi. 2022-ci ilin mayında hərbi əməliyyatlar səbəbindən "Soxranovka" giriş nöqtəsi üzrə nəqliyyat mümkün olmayıb. Buna baxmayaraq, "Naftogaz" "Suca" giriş nöqtəsi vasitəsilə xidmət göstərməyə davam edib. "Qazprom" xidmətlərin haqqını tam ödəməkdən imtina edib və müqavilə öhdəliklərini pozub.
2022-ci ilin sentyabrında "Naftogaz" İsveçrədə Beynəlxalq Ticarət Palatasının (ICC) qaydalarına uyğun arbitraj prosesinə başlayıb. 2025-ci ilin iyununda arbitraj tribunalı "Qazprom"u öhdəlikləri yerinə yetirməməyə görə tam məsuliyyətli sayıb və ödənişlərin əsassız olduğunu bildirib.
Tribunal "Qazprom"a borcun, faizlərin və arbitraj xərclərinin ödənilməsini öhdəlik kimi müəyyən edib.