Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ət-Tani İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşü zamanı Hörmüz boğazından müvəqqəti gəmiçilik dəhlizinin yaradılmasını müzakirə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Qətər Xarici İşlər Nazirliyinin press-relizində məlumat verilib.
"Görüşdə, həmçinin təklif olunan mərhələli addımlarla bağlı cari məsələlər, o cümlədən Hörmüz boğazında müvəqqəti birgə gəmiçilik dəhlizinin yaradılması, eləcə də boğazın minalardan təmizlənməsi üzrə birgə layihə müzakirə olunub", - deyə məlumatdan bildirilib.
Bundan əlavə, tərəflər eskalasiyanın azaldılması və fikir ayrılıqlarının dialoq yolu ilə nizamlanması üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Bu, Qətər baş nazirinin bu il fevralın 1-dən bəri İrana ilk səfəri idi.