ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün səy göstərir.
O, seçkiqabağı kampaniyasında iştirak etmək təklifi ilə artıq ən azı bir siyasi məsləhətçiyə müraciət edib. Qubernatora dəstək verən siyasi komitə isə maliyyə vəsaitlərinin toplanmasına başlayıb.
Desantisin tərəfdarları bildiriblər ki, o, noyabrın 3-də ABŞ-də keçirilmiş aralıq seçkisində respublikaçıların uğursuzluğundan sonra yenidən ən ali dövlət vəzifəsinə iddianı mümkün hesab edib.
Həmin seçkinin nəticələrinə əsasən, respublikaçılar Konqresin hər iki palatasına nəzarəti itirir, çoxluğu isə demokratlar əldə edirlər. Florida ştatı seçkinin yekunlarına görə respublikaçıların mövqelərinin güclü qaldığı ştatlar sırasındadır.
Xatırladaq ki, Desantis 2024-cü ildə də prezident seçkisində iştirak etmişdi. O zaman qubernator seçki mübarizəsindən geri çəkilərək hazırkı ölkə başçısı Donald Trampı dəstəkləmişdi. Tramp daha əvvəl ABŞ-nin hazırkı vitse-prezidenti Cey Di Vensi və dövlət katibi Marko Rubionu öz prezidentlik müddəti başa çatdıqdan sonra ölkəni idarə etmək üçün ideal namizədlər hesab etdiyini açıqlamış, həmçinin 2028-ci il seçkisində bu ikilinin məğlubedilməz olacağına inandığını vurğulamışdı. Vens isə 2028-ci ildə prezident seçkisində öz namizədliyini irəli sürə biləcəyini istisna etməyib.