Rusiyanın Tomsk bölgəsindəki qış daxmasında 55 yaşlı kişinin qalıqları və ayı hücumunun əlamətləri aşkar edilib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Tolparovski kənd yaşayış məntəqəsi administrasiyasının rəhbəri Lyudmila Qavrilova məlumat verib.
Məlumata görə, Kiyevski qəsəbəsinin sakini itləri ilə birgə bir neçə günlüyə qış daxmasına gedib. 55 yaşlı ovçu vaxtında evə qayıtmadıqda, qohumları həyəcan təbili çalıb və onun arxasınca yollanıblar. Daha sonra kişinin qalıqları tapılıb.
"Biz daxmaya girdik, bütün qapılar açıq idi, hər şey qırılmışdı, hər şey ətrafda səpələnmiş, dağılmış halda idi. Mübarizə əlamətləri görünürdü. Yüngül qar yağmışdı, onlar izləri təqib edərək daxmanın arxasına keçiblər. Orada yerdə kostyumun və hansısa sümüyün olduğunu görüblər. Yollarına davam ediblər və orada mübarizə əlamətləri, budaqlar və paltarlar aşkarlayıblar", - deyə Qavrilova bildirib.
Ayılar Tomsk bölgəsindəki yaşayış məntəqələrində daha çox görünməyə başlayıblar. 2026-cı il ərzində regionda Kiyevski kəndindən olan bir ovçu da daxil olmaqla, beş nəfər ayı hücumundan həlak olub. Bölgə ərazisində yüksək hazırlıq vəziyyəti rejimi elan edilib.
Agentliyin hesablamalarına görə, 2026-cı ildə ayılar Rusiyanın 40-dan çox bölgəsindəki yaşayış məntəqələrində görünüb. Ən çətin vəziyyət Şərqi Sibirdə müşahidə olunur. Orada ayılar məktəblərə və hərbi hissələrə yaxınlaşıblar və bölgənin şimalındakı şəxsi evlərə girməyə cəhd ediblər. Son aylarda Rusiyada ayı hücumlarından təxminən 30 nəfər həyatını itirib. Heyvanların bu cür davranışlarının səbəblərindən biri ayıların əsas qida mənbəyi olan şam fıstığının məhsuldarlığının az olmasıdır.