Rusiyanın "Uraldronzavod" şirkəti "Upır-K" adlı təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) istehsal edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, bu dronun fəaliyyət radiusu 50 kilometrə qədərdir, daşıdığı partlayıcı yükün çəkisi isə bütöv bir binanı sıradan çıxarmağa imkan verir.
Yeni PUA Tümendə keçirilən "Rusiyanın vətənpərvərləri" forumu çərçivəsində xalq hərbi-sənaye kompleksinin sərgisində nümayiş olunub.
"Upır-K" aparatının başlıca üstünlüyü onun uçuş məsafəsidir. Artıq təsdiqlənmiş məlumatlara görə, bu göstərici buraxılış nöqtəsindən təxminən 50 km təşkil edir. Bununla yanaşı, aparatın fərqləndirici xüsusiyyətlərindən biri daşıdığı döyüş başlığının 12 kq olmasıdır. Bu kifayət qədər böyük çəkidir və TM tank əleyhinə minanı daşımağa imkan yaradır. Nəticədə məhvetmə miqyası genişlənir və binaların tamamilə dağıdılması ehtimalı yaranır", - deyə "Uraldronzavod"dan agentliyə bildirilib.
Rusiya Prezidentinin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Artyom Joqanın sözlərinə görə, xalq hərbi-sənaye kompleksinin sərgisində Ural sakinləri tərəfindən layihələndirilmiş 60-dan çox silah və hərbi texnika nümunəsi təqdim edilib.
"Uraldronzavod" müəssisəsi Rusiyanın Sverdlovsk vilayətində "Upır" FPV-dronunun yaradıcıları tərəfindən təsis olunub. Rusiya hərbçiləri Uralda istehsal edilən bu PUA-dan artıq istifadə edirlər. Dronu çox vaxt "xalq PUA-sı" da adlandırırlar. Çünki onun hazırlanması və kütləvi istehsalı Rusiya vətəndaşlarının maliyyə dəstəyi sayəsində baş tutub. Hazırda aparat seriyalı şəkildə orduya tədarük edilir.