Rusiya Hərbi-Dəniz Qüvvələrinin (HDQ) “Oryol” atom sualtı qayığında yanğın 40 kv. m. sahəni əhatə edib.
Oxu.Az Qazeta.ru-ya istinadən xəbər verir ki, yanğın dünən təxminən saat 14:00 radələrində, alov işləri aparılarkən başlayıb. Gəmi Severodvinskdə “Zvyozdoçka” zavodunda təmirdən keçirdi.
Hazırda yanğın söndürülüb, gəmidəki sursatlar boşaldılıb, nüvə reaktoru söndürülmüş vəziyyətdədir.
Yanğın nəticəsində heç kim xəsarət almayıb.
Yanğın faktı ilə əlaqədar cinayət işi qaldırılıb, Rusiya İstintaq Komitəsinin Arxangelsk vilayəti və Nenetsk muxtar dairəsi üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, K-266 “Oryol” atom sualtı raket kreyseri Şimal donanmasının 11-ci sualtı qayıqlar diviziyasına daxildir. Gəmi 1992-ci ildə donanmaya təhvil verilib, 949A “Antey” layihəsinə aiddir.
Sualtı qayıq 24 ədəd P-700 “Qranit” gəmi əleyhinə raket sistemi ilə təchiz olunub. Onun əsas məqsədi NATO donanmalarının aviadaşıyıcı qruplarına zərbə endirməkdir.
Gəmi 2013-cü ildən təmirdə olub və 2016-cı ildə təhvil verilməlidir.