Neftin qiymətləri bir neçə ay da aşağı səviyyədə qalmağa davam edəcək, sonra isə bir barel üçün 80 dollara qalxacaq. Bu barədə Rusiyanın baş nazirinin müavini Arkadiy Dvorkoviç “Rossiya 24” telekanalına verdiyi müsahibədə bildirib.
“Çox güman ki, bir neçə ay qiymətlər ucuz olaraq qalacaq, onlar hətta ucuzlaşa da bilərlər. Amma müəyyən müddətdən sonra çox güman ki, bugünkü qiymətlə müqayisədə artacaqlar. Yeni tarazlıq bir barel üçün 80 dollar səviyyəsində yaranacaq”, - məmur bəyan edib, Oxu.Az Lenta-ya istinadən xəbər verir.
Baş nazirin müavini əlavə edib ki, Rusiyada neftin əldə edilməsi pessimist ssenari üzrə yaxın iki-üç il ərzində ildə 5-10% azalacaq.
“Bu, dünya bazarlarında vəziyyətə elə də güclü təsir etməyəcək, amma bu, bazarlar tərəfindən nəzərə alınacaq”, - o, qeyd edib.
Daha öncə dekabrın 24-də ICE London birjasında Brent markalı neftin bir bareli 60 dollardan aşağı düşüb. Bir barel üçün 59,89 dollar verirdilər. Texas nefti WTI öz növbəsində bir barel üçün 55,5 dollara qədər ucuzlaşıb.