Rza Zərrab haqqında xəbərlər gündəmi zəbt etməkdə davam edir.
Oxu.Az “Milliyet”-ə istinadən bildirir ki, azərbaycanlı milyarder Rza Zərrabın 4 nazirlə telefon danışıqlarının yazıları İstanbul Cümhuriyyət Prokurorluğundadır.
Sənədlərdə həmin nazirlər “A”, “B”, “C” və “D” şərti adlarla göstərilir.
Rza Zərrab həmin nazirlərlə rüşvət və korrupsiyaya söykənən əlaqələri 2013-cü ilin aprelin 19-da qurub.
Rza Zərrab həmin nazirlərə avqustun 28-i və noyabrın 10-da hər birində 500 min dollar olan iki ayaqqabı qutusu “hədiyyə” edib. Daha sonra isə şokolad qutusuna 3,5 milyon dollar qoyularaq “C” adlı nazirə rüşvət verilib.
Aprelin 19-da nazir “C”-nin iş otağına daxil olan R.Zərrab içində 500 min dollar olan ayaqqabı qutusunu nazirə verib.
Bu görüşdən əvvəl Rza Zərrab İran vətəndaşı olan köməkçisi Abdulla Həppaniyə zəng vurub deyib:
“Abdulla, təcili 500 min dollar hazırlat. Saat 4-də səndən götürəcəyəm. Bir ayaqqabı da al, hədiyyə paketi etdir. Təcili! Sonra da inanılmış adamla Ortaköyə yolla!”
Bir qədər keçib, Rza Zərrab yenə Həppaniyə zəng vurub:
“Dollar qoydun, yox?! Paket çox ağır gəldi. Düşündüm ki, avrodur, qorxdum”.
Nazir “C” də 500 min dolların müqabilində Rza Zərrabın atasına İtaliyaya getmək üçün Türkiyə vizası verib.
R.Zərrab İstanbulda “Hilpark Sitesi 47, S Blok Daire 1” ünvanda yaşayan nazir “C”yə içində 500 min dollar olan ayaqqabı qutusu və çox bahalı kostyum yollayıb.
Daha sonra “Halk Bankası”nın baş direktoru S.Arslana, nazir “B”, nazir “A” və nazir “D”yə çox böyük məbləğdə rüşvətlər ödənib.
Verilən rüşvətləri Həppani noutbukunda “Excel” proqramında açdığı faylda qeyd edib.
Rza Zərrab adamları Ahmet Murat Öziş və Umut Bayraktar vasitəsilə rüşvəti İstanbuldan Ankaraya, nazir “A”ya yollayıb.
Rza Zərrabın nazir “A”ya müxtəlif vaxtlarda verdiyi rüşvətlərin məbləğləri belədir:
1. 32.053.600 avro
2. 6.766.750 dollar
3. 3.465.000 lirə
4. 300.000.00 İsveçrə frankı
Rza Zərrab telefon danışıqlarını başqalarının adına aldığı və yalnız bir neçə abonentə açıq olan telefon kartları vasitəsilə həyata keçirib. Adətən, bu metoddan narkotacirlər istifadə edirlər.
R.Zərrabın nazir “A”nın yardımçısı ilə telefon söhbətlərindən biri:
Nazir köməkçisi: 10-11-ə keçməyinizi söylədi, amma nədir, bilmirəm.
R.Zərrab: Tamam, okey. 18 açıqdır, ona deyə bilərsiniz?
Nazir köməkçisi: 18 açıqdır, amma cənab nazir təyyarədədir.
R.Zərrab: Eləmi? Buraya gəlir?
Nazir köməkçisi: Bəli, bu an təyyarədədir.
R.Zərrab: 18-lə danışa bilmirəm.
Nazir köməkçisi: Hökumətin toplantısındadır.
Rza Zərrab nazir “B”yə isə üst-üstə 20 milyon lirə rüşvət verib. Həmin nazirin “yardım”ları ilə azərbaycanlı milyarder 5 milyon dolların müqabilində 5 nəfərə Türkiyə vətəndaşlığı alıb.