Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Siciliya sahillərində batan milyarderin cəsədi tapıldı
59 yaşlı britaniyalı milyarder, "Autonomy Corporation"ın həmtəsisçisi və "Invoke Capital"ın yaradıcısı Maykl Linç və qızı Hanna Linçin cəsədi İtaliya sahillərində qəzaya uğramış yaxtanın içərisindən tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Siciliya mülki müdafiə xidmətinin rəhbəri Salvatore Koçinuya istinadən nəşr bildirib ki, Maykl Linç və qızı Hanna Siciliya sahillərində baş verən yaxta qəzasında həlak olublar.
Daha əvvəl "Reuters" xəbər verib ki, dalğıclar 49 metr dərinliyə batan yaxtadan dörd nəfərin cəsədini çıxarıblar. Ölənlərin kimliyi əvvəlcə açıqlanmayıb. Hazırda yaxtanın daha iki sərnişini itkin düşənlər siyahısındadır.
Siciliya sahillərində yaxtanın qəzaya uğraması nəticəsində itkin düşən britaniyalı multimilyonçu Maykl Linç İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əlaqəli olub.
Bu barədə Oxu.Az "Nova" agentliyinə istinadən xəbər verir.
Xarici KİV-in mənbəsinin məlumatına görə, Linçin sahibi olduğu kompüter təhlükəsizliyi təminatı ilə məşğul olan "Darktrace" şirkəti İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Onlar öz fəaliyyətlərində, xüsusən də Fələstin HƏMAS hərəkatının liderlərinin yerinin müəyyən edilməsində şirkət tərəfindən hazırlanmış sistemlərdən istifadə ediblər.
Bundan əlavə, məlumdur ki, 2023-cü ilin martında "Darktrace"də ABŞ-nin aparıcı dövlət qurumlarını, o cümlədən Pentaqonu kiberhücumlardan qorumaq üçün İT bölməsi yaradılıb. "Darktrace"in əsas layihəsi süni intellekt (AI) texnologiyasına əsaslanan sistem olub.
Xatırladaq ki, texnologiyalar sahəsində 59 yaşlı britaniyalı sahibkar Maykl Linçin itkin düşdüyü ilə bağlı avqustun 19-da xəbər verilib. Məlumatlara görə, Linç yaxtanın Siciliya sahillərində qəzaya uğramasından sonra itkin düşüb. İtaliyanın sahil mühafizəsinin sözlərinə görə, içərisində 22 nəfərin olduğu, 56 metr uzunluğundakı "Bayesian" gəmisi Portiçello limanı yaxınlığında lövbər salıbmış.
Səhər tezdən Linç iş yoldaşları üçün səyahət təşkil edib, lakin şiddətli fırtına zamanı yaxta batıb. 15 nəfər gəmidən xilas ola bilib ki, onların arasında yaxtanın sahibi, Linçin həyat yoldaşı Ancela Bakares, həmçinin onların bir yaşlı qızı da olub. Ehtimallara görə, itkin düşənlər, çox güman ki, gəminin kabinələrində olublar və içəridə ilişib qalıblar.
Rəylər