Tanınmış gənc məddah Həmidrza Rəcəbzadənin amansız şəkildə qətlə yetirilməsi İran cəmiyyətini heyrətə salıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran"ın "Youtube" kanalında yayımlanan videomaterialda qeyd olunub.
Bildirilir ki, son bir neçə gündə ölkə mediasının və sosial şəbəkələrin əsas mövzularından birinə çevrilmiş bu qətl hadisəsinin dəhşətli detalları üzə çıxdıqca, müxtəlif versiyalar səslənməyə başlayıb və cinayət işi siyasi mahiyyət kəsb edib.
Təsadüfi deyil ki, 30 yaşlı məddahın qətli ətrafında müzakirələrə xaricdəki İran müxalifəti, xüsusən keçmiş İran şahının oğlu Rza Pəhləvinin tərəfdarları da qoşulublar.
Yayılan məlumatlara görə, Həmidrza Rəcəbzadənin öldürülməsi məlum olduqdan təxminən iki həftə əvvəl Tehrandakı Azadlıq meydanının yaxınlığında bir avtomobilə minib və bununla da yoxa çıxıb. Ailəsi həmin vaxt Ərbəin mərasimində iştirak etmək üçün İraqa gedibmiş və yalnız Kərbəladan qayıtdıqdan sonra onun yoxa çıxması barədə polisə məlumat veriblər.
Bir neçə gün sonra məddahın qətlə yetirilməsi səhnəsini əks etdirən video naməlum şəxs tərəfindən ailəsinə göndərilib, ardınca həmin video rejim müxaliflərinə aid olduğu bildirilən "Teleqram" kanalında yayımlanıb. Bu da qətlin dəhşətli detallarının geniş ictimaiyyətə bəlli olmasına gətirib çıxarıb.
Yayılan videodan aydın olub ki, Həmidrza Rəcəbzadə sadəcə öldürülməyib, amansız işgəncə ilə qətlə yetirilib, o cümlədən bədən üzvləri kəsilib və ən dəhşətlisi, hələ sağ olduğu halda sinəsi yarılaraq ürəyi çıxarılıb. Sonda isə qatillər Tehran yaxınlığındakı Pərənd bölgəsində onun cəsədinə od vuraraq yandırıblar.
Süjetdə qeyd olunur ki, İran polisi avqustun 9-da həmin ərazidə Rəcəbzadənin yanmış cəsədinin tapıldığı barədə məlumat yayıb.