Türkiyənin Tokat bölgəsində son bir həftə ərzində fasilələrlə yağan şiddətli yağışlar Yeşilırmak çayında suyun səviyyəsinin artması ilə nəticələnib.
Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Bildirilib ki, kənd təsərrüfatı və enerji istehsalı məqsədilə istifadə edilən Almus su anbarında doluluq səviyyəsi həddini aşaraq daşmalara səbəb olub. Çox sayda əkin sahəsi su altında qalıb.
Təhsil müəssisələrində 3 günlük tətil elan edilən Turhalda daşqın ehtimalına qarşı hazırlıq vəziyyəti davam edir. Rayon üzrə 15 məhəllə və 7 kənd boşaldılıb. Yaşayış yerlərini tərk edən sakinlər sığınacaq və mehmanxanalara yerləşdiriliblər. Ehtimal edilən su daşqınlarının yaşayış məntəqələrinə dolmasının qarşısını almaq məqsədilə Yeşilırmak kənarında daşlardan ibarət sədlər qurulub.
Çay üzərindəki iki körpünün suyun hərəkətinə maneə yaradaraq daşqın təhlükəsini daha da artırdığı müəyyənləşib. Həmin körpülər sökülüb. Yeşilırmak sahilində yerləşən bəzi evlərin və obyektlərin qarşısına qum kisələri düzülüb. Bölgədə bir çox ticarət obyekti öz işini dayandırıb.
Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) sədri Ali Hamza Pehlivan jurnalistlərə açıqlamasında bildirib ki, Almus su anbarının 100 faizlik doluluq həddinə çatması və Sivasdakı Kılıçkaya anbarının boşaldılma mərhələsinə başladılması səbəbindən Kelkit və Yeşilırmak vadilərində suların səviyyəsi artaraq daşqınlara gətirib çıxarıb. Pehlivan şəhərdə Türkiyə fəlakətlərə müdaxilə planının aktivləşdirildiyini bəyan edib. Daşqınlardan mühafizə məqsədilə bəndlərin qurulduğunu xatırladan Pehlivan, indiyədək heç bir insan itkisi və ya xəsarət halının qeydə alınmadığını xüsusi olaraq diqqətə çatdırıb.