"ABŞ geri qayıdacaq və İrandakı əməliyyatları başa çatdıracaq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp təyyarədə jurnalistlərlə söhbətində bildirib.
"Biz, yəqin ki, işin 70-75%-ni başa çatdırdıq. Hər şeyi axıra qədər etmədik. Qayıdacağıq və hər şeyi tamamlayacağıq", - deyə Ağ Evin rəhbəri vurğulayıb.
Mayın 15-də Tramp bəyan edib ki, əgər İran zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməsə, amerikalılar özləri onun dalınca gələcəklər.
Elə həmin gün İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehranla Vaşinqton arasında kövrək atəşkəs rejimi qorunur və bu, diplomatik həll yoluna şans vermək üçün zəruridir.
"ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcək".
Oxu.Az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Pekinə səfəri çərçivəsində Çin sədri Si Cinpin onu ikinci prezidentliyi dövründə əldə etdiyi uğurlara görə təbrik edib.
Administrasiyasının nailiyyətləri arasında Tramp xüsusilə Venesuela üzərində hərbi qələbəni, onunla inkişaf edən münasibətləri və İranın hərbi cəhətdən "məhv edilməsini" qeyd edib və əlavə edib ki, "bu, davam edəcək".
Tramp bildirib ki, Tehran son həftələrdə müdafiəsini gücləndirsə də, İran demək olar ki, hava qüvvələrini və hava hücumundan müdafiə sistemlərini itirib.
O, ABŞ-nin İranın hərəkətlərindən xəbərdar olduğunu və "bir gözəl gün" bütün bu infrastrukturun 24 saat ərzində məhv edilə biləcəyini bildirib.
Qeyd edək ki, ABŞ prezidentinin mayın 13-də Çinə səfəri başlayıb.