"Prezident Ərdoğan çox ağıllı və güclü insandır".
Oxu.Az-ın "Haber Global"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Mar-a-Laqoda (Florida ştatı) keçirdiyi mətbuat konfransında bildirib.
"Türkiyə çox ağıllıdır. Prezident Ərdoğan çox ağıllı və güclü insandır. Üşaqlara etdiklərinə görə Bəşər Əsəd qəddar bir qəssabdır", - siyasətçi Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə nəticələnən son hadisələri şərh edərkən qeyd edib.
Tramp, həmçinin, jurnalistin Suriyadakı 900 amerikalı hərbçinin gələcək taleyi ilə bağlı sualını cavablandırıb:
"Bunu həll etməyin başqa bir yolu olmalıdır. Həllərdən biri Türkiyədir. ABŞ regionda Türkiyə ilə əməkdaşlıq edə bilər".
Türkiyənin "mühüm bir güc" olduğunu vurğulayan Tramp əlavə edib:
"Prezident Ərdoğan yaxşı yola getdiyim bir insandır. Onun böyük hərbi gücü var. Və bu güc müharibələrdə aşınmayıb. O, çox güclü və səmərəli bir ordu yaradıb".