"İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsi əməliyyatı ABŞ və İsrail tərəfindən birgə hazırlanıb".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Böyük yeddilik" (G7) sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.
"Yəqin xatırlayırsınız ki, mən onu ölüm vadisində məhv etdim. O, təyyarədən düşdü və biz onu izlədik. Açığını desəm, İsrail mənə qarşı çox yaxşı davranırdı, amma onlar bu hücumu həyata keçirmək istəmirdilər. Hücumdan əvvəlki gecə tam hazır idilər. Ancaq düşünürəm ki, bunu etmək istəmədilər və buna görə də qərarı mən verməli oldum. Bu, İsraillə bizim birgə layihəmiz idi. Biz bir ay ərzində hazırlaşdıq, onun hansı təyyarə ilə uçacağını təxminən bir ay əvvəl bilirdik. O, yalnız mülki avialaynerlərlə uçurdu - böyük təyyarələrlə, çoxlu sərnişin olan reyslərlə. Çünki bilirdi ki, belə halda biz onu vurmayacağıq", - deyə ABŞ lideri əlavə edib.
Xatırladaq ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-də Bağdad hava limanı yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinin raket zərbəsi nəticəsində öldürülüb.