Avstraliyada artıq bir ildir ki, 100 milyon Avstraliya dolları (təxminən 70 milyon ABŞ dolları) dəyərindəki lotereya uduşunun sahibi axtarılır. Lotereya tarixində yeddi dəfə mükafat fondunda bu məbləğ toplanıb, lakin ilk dəfədir ki, qalib öz uduşunu götürmək üçün müraciət etmir.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Sidneydə biletin alındığı qəzet köşkündə və internet-kafedə uzun müddətdir ki, qalibin gələcəyi gözlənilsə də, bir ilin tamam olmasına baxmayaraq, heç kəs müraciət etməyib.
Hazırda ölkə miqyasında bu şanslı şəxsin kim olduğu və uduşu niyə tələb etmədiyi maraq doğurur. Mağaza sahibləri biletin kim tərəfindən alındığını bilmirlər. Mütəxəssislər arasında müxtəlif fərziyyələr dolaşır: oyunçu qalib gəldiyindən xəbərsiz ola bilər, bileti tətildə olan bir turist almış ola bilər və ya bilet sadəcə itib. Lotereya operatoru "The Lott" qalibin kimliyini dəqiqləşdirmək üçün biletin məlumatlarını gizli saxlayır ki, müraciət edən şəxsin uduş hüququnu yoxlamaq mümkün olsun.
Mükafatın "istifadə müddəti" yeddi ildən sonra başa çatır. Odur ki, bilet sahiblərinin öz biletlərini yoxlamaları üçün hələ kifayət qədər vaxtları var.