Təsəvvür edin ki, bir məclisdə tanış bir insanı görürsünüz və yaxınlaşıb salam verməmişdən əvvəl beyninizdə nə deyəcəyinizin müxtəlif variantlarını qurursunuz. Yeni araşdırma göstərir ki, beyin hər hansı bir sosial qarşılıqlı əlaqəyə başlamazdan bir neçə saniyə əvvəl onu sözün əsl mənasında "məşq" edə bilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Cikavosti" nəşri məlumat yayıb.
Tədqiqatçılar danio-rerio (zebra balığı) balıqlarının digər balıqlarla qarşılıqlı əlaqə zamanı beyin fəaliyyətini müşahidə ediblər. Məlum olub ki, balıq digərlərinə yaxınlaşmaq qərarı verməzdən əvvəl beynində qısa bir neyron aktivliyi sıçrayışı baş verir. Bu siqnal beynin sosial davranışlara cavabdeh olan "pallium" adlı nahiyəsində meydana çıxır.
Maraqlısı budur ki, bu neyron "izi" yalnız sosial xarakter daşıyır: balıq canlı həmkarının əvəzinə hərəkət edən süni bir nöqtəni təqib edərkən belə bir aktivlik müşahidə olunmayıb. Alimlər lazer vasitəsilə palliumdakı müvafiq neyronları məhv etdikdə, balıqların sosial yaxınlaşma davranışı tamamilə dayanıb.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf canlıların niyə daha sosial və ya daha qapalı olduğunu anlamağa kömək edəcək. Gələcəkdə əldə edilən bu biliklər sosiallaşmaqda çətinlik çəkən insanlara yardım məqsədilə yeni dəstək üsullarının yaradılması üçün əsas ola bilər.