Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tramp Qəzzanın gələcəyi barədə layihəsinin süni intellektlə hazırlanmış videosunu paylaşdı
ABŞ Prezidenti Donald Tramp Qəzza sektorunun gələcəyi ilə bağlı maraqlı video təqdim edib.
Oxu.Az xəbər verir ki, süni intellekt vasitəsilə yaradılmış görüntü ABŞ liderinin "Truth" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Kadrda əvvəlcə anklavın dağıdılmış binaları görünür. Ekranda "Qəzza 2025" yazısı peyda olur, ardınca isə "Bundan sonra nə olacaq?" sualı verilir. Ardınca yüksək göydələnlər və göydən uşaqların üzərinə yağan dollarlar görünür. Bundan sonra kadra məşhur amerikalı iş adamı İlon Mask daxil olur. O, Qəzza sektorunun çimərliyində oturub humus yeyir. Yanında Trampın üzü çəkilmiş qızılı şar tutan bir oğlan dayanır.
Trampın özü isə gecə klubunda rəqs edərkən əks olunub.
Videoda həmçinin prezidentin qızıldan hazırlanmış böyük bir heykəli də nəzərə çarpır. Digər bir səhnədə İsrailin Baş naziri Benyamin Netanyahu Trampın yanında şezlonqda dincəlir. Hər ikisi hovuz kənarında içki içir, arxa fonda isə "Tramp Qəzza" yazısı görünür.
Videodakı mahnı Donald Trampın Qəzza sakinlərinə azadlıq gətirəcəyini vəd edir. Mətnə görə, qorxular və tunellər keçmişdə qalacaq, qarşıda isə onları yeni bir həyat gözləyir.
Finalda "Tramp Qəzza"nın bir nömrəli olacağı vurğulanır.