Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Trampın İran siyasətinin konturları bəlli olur
Rüstəm Qaraxanlı yazır...
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp əvvəlki hakimiyyətində xarici siyasət problemləri üzrə müşaviri olmuş Riçard Qrenellin namizədliyini xüsusi məsələlər üzrə elçi vəzifəsinə irəli sürüb. "Rik" adlandırdığı Qrenell Trampa ən yaxın və etibarlı şəxslərdən biri kimi tanınır. O, Trampın Venesuela və Şimali Koreya ilə münasibətlər də daxil olmaqla, dünyanın qaynar nöqtələrindəki "görən gözü və danışan dili" olacaq.
Venesuela zəngin neft ehtiyatları ilə Vaşinqtonun xarici siyasət gündəminin mühüm istiqamətlərindəndir. Ötən əsrin 50-60-cı illərindən etibarən ABŞ-nin çeşidli administrasiyaları "qara qızıl"la zəngin Venesuela və Ekvadoru özlərinə tabe etməyə çalışıblar və ən sərt vasitələrdən belə istifadə etməkdən çəkinməyiblər. Bu gün bu siyasətin Ekvadorla nəticə verdiyini demək mümkündür, - ölkənin neftdən əldə etdiyi gəlirin 75% ABŞ-yə və onun böyük korporasiyalarına olan borcun ödənilməsinə sərf edilir. Ancaq Venesuelanın nə vaxtsa Amerika orbitində olacağını proqnozlaşdırmaq müşkül məsələdir.
Şimali Koreya istiqamətinin də Tramp üçün xüsusi əhəmiyyəti var. İlk hakimiyyəti dövründə o, Pxenyanla işgüzar təmas qurmağa çalışıb, hətta Cənubi Koreyaya səfəri çərçivəsində Şimali Koreya ilə sərhəddən simvolik keçidlə də yadda qalıb. Bununla belə, Qrenellin təyinatı barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında xəbər paylaşan Tramp "qaynar nöqtələr" ifadəsi altında hansı planları nəzərdə tutduğuna dair məlumat vermir. Onun Vaşinqtonun xarici siyasətinə edəcəkləri dəyişikliklər Venesuela və Şimali Koreya keyslərindən daha çox Yaxın Şərq və İranla münasibətlər kontekstində maraq kəsb edir. Dünya İsrailin "Hizbullah" və HƏMAS-ın elitasını məhv etməklə İranın regional dayaqlarına ciddi zərbə vurması və Suriyada Əsəd rejiminin başa çatması fonunda ABŞ-nin bu coğrafiyadakı davranışının nədən ibarət olacağı gözləntisindədir.
Trampın ilk hakimiyyəti illərində Qrenell ABŞ-nin Almaniyadakı səfiri olub, hətta bir müddət kəşfiyyata müvəqqəti rəhbərlik də edib və media ilə arasındakı qalmaqallarla yadda qalıb. Budəfəki seçkilərdə o, Trampın əsas silahdaşı olmaqla yanaşı, həm də qeyri-adi missiyanın icraçısı funksiyasını daşıyıb: Qrenell ABŞ üçün kritik istiqamətlər sayılan bir sıra dövlətlərə səfərlər edərək yeni-köhnə prezidentin xarici siyasət platforması barədə izahedici məlumatlar verib. 2012-ci ildə Qrenell respublikaçı namizəd Mit Romninin xarici siyasət məsləhətçilərindən biri olub, İrana qarşı özəl mövqeyi ilə tanınan Con Neqroponteyə yaxınlığı ilə seçilib. Sonuncu isə Ronald Reyqan dövründə milli təhlükəsizlik üzrə müşavirin müavini vəzifəsində işləyib, kiçik Buş hakimiyyətində kəşfiyyata rəhbərlik edib. Hər iki eks-prezidentlərin İrana münasibətləri məlumdur. Heç Trampın özü də Tehranla dialoq tərəfdarı deyil, Təl-Əvivin bütün addımlarını dəstəkləyir, Qüdsü İsrailin paytaxtı kimi tanıyan ilk ABŞ prezidenti olaraq tarixə düşüb. Son bir neçə aydır İsrailin baş naziri Benyamin Netanyahunun faktiki olaraq Amerikanın demokratlar administrasiyasının təşəbbüslərini iqnor etməsi onun Trampın səlahiyyətlərinin icrasına başlamasını gözləməsi ilə bağlıdır.
Qrenellin "qaynar nöqtələr"dəki gedişatı kurasiya etməsi Trampın İran siyasətində dəyənəyə, yoxsa "yumşaq güc"ə üstünlük verəcəyinə dair ipucudur. "Rik" Vaşinqtonun xarici siyasət gündəmində olan problemlərin sərt basqı vasitəsilə həllinin tərəfdarıdır. Müsahibələrindən birində o, bu tərzini belə izah edir: "Amerikaya sərt dövlət katibi, diplomat lazımdır. Elə biri ki, yaxınlaşıb desin: uşaqlar, əgər biz bu problemi indi və burada həll edə bilmiriksə, mən sənədləri özümlə götürüb ABŞ-yə dönürəm və müdafiə nazirinə verirəm. Müdafiə naziri danışıqlar aparmağı sevmir, o, dərhal sizi bombalayacaq". Yeri gəlmişkən, seçkidən əvvəl çoxları dövlət katibi vəzifəsinə məhz Qrenellin təyin olunacağını ehtimal edirdilər. Görünür, bu səbəbdəndir ki, "Reuters" İran siyasətinin də onun nəzarətində olacağını proqnozlaşdırır.
Trampın siyasi olimpə yenidən rəsmən çıxmasından öncə Yaxın Şərqdə ABŞ üçün sərf edən bir sıra olaylar baş verib. Hətta ehtimal var ki, bu proseslərin gedişatına Vaşinqtonun demokratlar administrasiyasından daha çox onun təsiri var. Əvvəla, İsrail İranın proksilərini neytrallaşdırmaqla sərhədlərində sabitliyə və təhlükəsizliyə nail olub. İkincisi, Tehrana qarşı "döyüşərək kəşfiyyat" taktikası öz bəhrələrini verib: İranın müdafiə qabiliyyətinin, konkret olaraq havadan müdafiə sistemlərinin təkmildən uzaq olduğu aşkarlanıb, illərdir tərif etdiyi uzaqmənzilli raketlərinin effektivsizliyini dünya görüb və nəhayət, Suriyadakı müttəfiqini qoruya bilməməklə yeni reallıqla faktiki razılaşdığının siqnallarını verib. Hollan təpələrində qərarlaşan İsrail isə İranla coğrafi məsafəsini azaldıb ki, bu da hərbi həmlələrin faktiki olaraq göydən yerə enməsi deməkdir.
Yeni reallığa susmaqla münasibət bildirməsi Trampın razılıq əlamətidir. Onun yalnız bir dəfə Suriyadakı proseslərə qarışmamaq məsləhətini verməsi, gedişatı Türkiyə və İsrailin öhdəsinə buraxması Azərbaycan üçün də pozitiv işarədir. Bir tərəfdən Ankaranın regional mövcudluğu qəbul edilir, digər tərəfdən isə İranın 4 ildir dirəşdiyi Zəngəzur mövzusunun yenidən aktuallaşacağına əsaslar yaranır. Türkiyə ilə İsrailin zamana hakim olduqları konfiqurasiyada İranın "qırmızı cizgilər"inin aktuallığının nə qədər davam edəcəyini vaxt, daha doğrusu Tramp göstərəcək. Ancaq İrəvanda yaşanan təlaş, hətta Nikol Paşinyanın ABŞ-nin yeni prezidenti ilə görüşünün təşkili üçün bütün vasitələri işə salması, Fransa lideri Makronun Parisdə bu yöndəki vasitəçilik çabaları belə deməyə əsas verir ki, ermənilər İranın zəifləməsini hiss ediblər. Onlarda bu hissiyyatın güclü olduğunu tarix sübut edir...
Rəylər