Türkiyənin sabiq nəqliyyat naziri Arif Ahmet Denizolqunun ölümü ilə bağlı aparılan araşdırma çərçivəsində Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən hazırlanan hesabat açıqlanıb.
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, ekspertiza onun yüksək arterial təzyiq nəticəsində baş vermiş beyin qanamasından vəfat etdiyini müəyyən edib.
Denizolqun 2016-cı il sentyabrın 7-də evində ölü tapılıb. Ertəsi gün onun meyiti üzərində məhkəmə-tibbi müayinə və autopsiya aparılıb, bioloji, toksikoloji və histopatoloji analizlər üçün nümunələr götürülüb.
Araşdırmanın sonrakı mərhələsində 2026-cı il avqustun 19-da Denizolqunun qəbri açılıb və analiz üçün sümük və torpaq nümunələri götürülüb.
Laboratoriya yoxlamaları zamanı nümunələrdə molibden, kadmium, civə, tallium, qurğuşun, kobalt, nikel, arsen və vanadium kimi ağır metallar aşkarlanıb. Lakin ekspertiza onların toxumalardakı miqdarının normal həddə olduğunu müəyyən edib. Axtarılan digər zəhərli maddələrə də rast gəlinməyib.
Boyun nahiyəsindən götürülən nümunələrin müayinəsi zamanı qalxanabənzər qığırdaqda sınıq aşkarlanıb. Ekspertlərin qənaətinə görə, bu zədə qəbrin açılması və meyitin çıxarılması zamanı yaranıb.
Hesabatda meyitin döş qəfəsində qeydə alınan üç qançırın ölümündən əvvəlki 3-14 gün ərzində yarandığı, lakin ölümə səbəb ola biləcək xarakter daşımadığı bildirilib.
Məhkəmə-tibbi ekspertlər Denizolqunun boğulma, boynuna təzyiq göstərilməsi, döş qəfəsinin sıxılması və ya digər travmatik təsir nəticəsində öldürüldüyünü təsdiqləyən tibbi sübutların olmadığını qeyd ediblər. Həmçinin zəhərlənmə nəticəsində ölümə dair də heç bir tibbi dəlil aşkarlanmayıb.
Yekun hesabatda yüksək arterial təzyiq və ürək-damar xəstəliyindən əziyyət çəkən Denizolqunun ölümünün yüksək təzyiqə bağlı beyin qanaması nəticəsində baş verdiyi qənaətinə gəlinib. Onun ölümünün dəqiq tarixi müəyyən edilməsə də, 2016-cı il sentyabrın 6-da baş vermiş ola biləcəyi bildirilib.