Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxmaların həqiqi sayı rəsmi açıqlanan göstəricilərdən dörd dəfəyə qədər çox ola bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə hallar proqramının icraçı direktoru Çikve İhekveazu deyib.
"Riyazi modelləşdirmələrimizin nəticələrinə əsasən hesab edirik ki, epidemiyanın real miqyası aşkar etdiyimiz yoluxma hallarından ən azı iki-dörd dəfə böyükdür. Xəstəliyin müəyyən edilməsi üzrə imkanlarımız hər gün daha da genişlənir və inkişaf edir. Bu səbəbdən həmin rəqəmlərin dəqiqliyi günü-gündən artır.
Yeni qeydə alınan yoluxmaların təqribən 80%-i əvvəllər təsdiqlənmiş xəstələrlə təmasda olanların siyahısından kənarda aşkarlanır. Bu isə o deməkdir ki, virus naməlum ötürülmə zəncirləri vasitəsilə yayılır. Bundan əlavə, bir çox yoluxmuş şəxslər tibb müəssisələrinə çatdırılmadan, elə evlərindəcə vəfat edirlər", - deyə ÜST rəsmisi Cenevrədə keçirilən brifinqdə bildirib.
Qeyd edək ki, mövcud rəsmi statistikaya əsasən, Ebolaya təxminən 2 min nəfər yoluxub, 700-dən çox insan isə həyatını itirib.