Venesuela ABŞ-nin "Chevron" neft-qaz korporasiyası və İtaliyanın "Eni" şirkəti ilə ölkədəki fəaliyyətlərinin genişləndirilməsinə dair müqavilələr imzalayıb.
Oxu.Az bu barədə şirkətlərin rəsmi saytlarına istinadən xəbər verir.
Sənədlər ABŞ-nin energetika naziri Kris Raytın Venesuelaya səfəri zamanı imzalanıb.
"Chevron" Orinoko çayı hövzəsində iki neft yatağına çıxış əldə edəcək. Şirkət Venesuelada hasilata 7 milyard dollar sərmayə qoymağı və beş il ərzində istehsalı gündəlik təxminən 280 min bareldən 600 min barelədək artırmağı planlaşdırır. "Eni" də öz növbəsində müqavilənin şərtlərinə əsasən, Orinoko hövzəsindəki neft yatağının işlənilməsi ilə məşğul olacağını bəyan edib.
Xatırladaq ki, avqustun sonunda ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Venesuela neftinin böyük bir hissəsinə nəzarət edəcəyi "dünya tarixinin ən böyük neft sövdələşməsi" barədə bəyanat vermişdi.