Yaxın Şərqdə baş verən münaqişələrin enerji daşıyıcılarının qiymətlərini bahalaşdırması nəticəsində Avropanın kimya sənayesi dərin böhranla üz-üzə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Financial Times" nəşri paylaşıb.
Nəşr qeyd edir ki, enerjinin bahalaşması və tələbatın aşağı düşməsi dünyanın ən iri mərkəzlərindən sayılan Rotterdam limanının kimya klasterində iki zavodun fəaliyyətini dayandırması ilə nəticələnib.
Məlumatda vurğulanıb ki, İran ətrafındakı gərginlik Fars körfəzinin xammalından asılı olan Çin şirkətlərinin rəqabət təzyiqini müvəqqəti səngitsə də, bu böhran enerji və neft-kimya məhsullarının, xüsusən də naftanın qiymətində növbəti sıçrayış yaradıb.
ABŞ-nin "Huntsman Corporation" kimya şirkətinin icraçı direktoru Piter Hantsman qəzetə açıqlamasında bildirib ki, Yaxın Şərqdəki proseslər enerji xərclərinin artmasına gətirib çıxarıb və Avropanın kənar təsirlərə qarşı nə qədər həssas olduğunu göstərib. Nəşrin yazdığına görə, mütəxəssislər hazırkı böhranın bəzi Avropa şirkətlərinə müvəqqəti nəfəs almağa imkan verdiyini, lakin münaqişə bitdikdən sonra sənayedəki çətinliklərin daha da dərinləşə biləcəyini proqnozlaşdırırlar.