Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Daily Mail” Bakıda inşa olunan Trump Tower-dən yazdı – FOTO
Böyük Britaniyanın “Daily Mail” qəzetində Bakıda tikilən möhtəşəm Trump Tower oteli haqqında məqalə dərc edilib.
Oxu.Az xəbər verir ki, məqalə ABŞ-ın əmlak inşaatı sahəsində dünya liderlərindən sayılan “The Trump Organization” şirkətinin vitse-prezidenti İvanka Trampın açıqlaması əsasında hazırlanıb.
Yazıda vurğulanır ki, “The Trump Organization” şirkətinin rəhbəri Donald Trumpun qızı, şirkətin vitse-prezidenti İvanka Trump inşaatın gedişi ilə maraqlanmaq üçün Azərbaycanın paytaxtı Bakıda olub.
İnşası davam edən Trump Tower Baku ilə tanış olan İvanka Trump açıqlamasında bildirib:
“Bu möhtəşəm bina yüksək səviyyəli zərifliyi əks etdirir, qeyri-adi memarlığı və müasir daxili dizaynı Xəzər dənizindən ilham alınaraq inşa olunur”.
Məqalədə, həmçinin otelin memarlıq üslubu haqqında məlumat verilir. Bildirilir ki, 33 mərtəbəli oteldə 119 qonaq, 72 lüks yaşayış otağı və 40 xidməti mənzil olacaq.
Otelin dizaynını Londonun “Mixity Design” şirkəti hazırlayıb.
Tikinti işlərini Azərbaycanın “Garant Holding” şirkəti həyata keçirir. Şirkətin təsisçisi Anar Məmmədov açıqlamasında “Trump Organization” şirkəti ilə birgə çalışmaqdan məmnunluğunu ifadə edib:
“Biz dünyada lüks sinifli tikinti işlərini həyata keçirən “Trump Organization” şirkəti ilə əməkdaşlıqdan son dərəcə şadıq. Bu, bizə Bakını ziyarət edən şəxslər və şəhər sakinlərinə yeni üslub nəslini, eksklüzivlik və nüfuzu simvolizə edən dünya dərəcəli apartament və otel təqdim etməyə imkan verir”.
Otelin açılışı 2015-ci ilin iyun ayına planlaşdırılır.
Məqalədə vurğulanır ki, dünyanın qədim ölkələrindən biri olan Azərbaycan müasir tikililəri ilə də məşhurdur. Yeni tikiləcək otel isə müasir Bakının göydələnləri sırasına qoşulacaq.