Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Bakı KOB evi”nə mediatur təşkil olunub - FOTO/VİDEO
Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Bakı KOB evi”nə mediatur təşkil edilib.
KİV nümayəndələrinə bildirilib ki, ölkədə sayca üçüncü olan, 11 min kvadratmetrdən çox ümumi sahəyə malik “Bakı KOB evi” üç mərtəbədən ibarətdir.
Binanın ilk iki mərtəbəsi sahibkarlara dövlət-biznes (“G2B”), biznes-biznes (“B2B”) və digər xidmətlərin göstərilməsi, üçüncü mərtəbəsi isə işçi heyət üçün nəzərdə tutulub. “KOB evi” həftəiçi beş gün, saat 09:00-dan 18:00-dək sahibkarlara xidmət göstərir.
Konsepsiyaya uyğun olaraq “Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu 150-dən çox, 20 özəl qurum isə 100-dən çox xidmət göstərir. İş adamları fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes-planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, reklam, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma, notariat və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər.
Belə ki, “Bakı KOB evi”ndə İqtisadiyyat, Səhiyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Energetika, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Ədliyyə, Mədəniyyət nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Turizm Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” QSC-lər, Bakı Şəhər İcra Hakimiyyəti, Auditorlar Palatası, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərişıq”, “Azərsu” ASC-lər və Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin, eləcə də sahibkarların maliyyə əlçatanlığının təmin olunması məqsədilə beş bankın, lizinq və sığorta şirkətlərinin fəaliyyət masaları mövcuddur. Burada yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim olunur.
Binada həmçinin təlim, startap və mediasiya məkanları fəaliyyət göstərir. Belə ki, təlim otaqlarında sahibkarlar üçün müxtəlif mövzularda ödənişsiz təlimlər təşkil olunacaq və məsləhət xidmətləri göstəriləcək. Sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə “Bakı KOB evi”ndə iş adamlarına Mediasiya Şurası mediasiya xidməti göstərir.
Startap İnkişaf Mərkəzində isə ideya mərhələsində olan startaplar üçün müxtəlif avadanlıqlardan (3D printerlər və skanerlər, lazer kəsim aparatları, CNC robotlar, kameralar, 3D təlim eynəkləri və digər texnoloji avadanlıqlar) ibarət ortaq iş məkanı yaradılıb. Burada startapların ekspert, dizayn, mühəndislik və mentor dəstəyinə olan ehtiyacları qarşılanacaq. Mərkəzdə mütəmadi olaraq startaplar və investorların görüşləri, təlimlər, mentor dəstəyi və məsləhət xidmətlərinin təşkili nəzərdə tutulur. İşgüzar görüşlər və müxtəlif tədbirlər üçün “Bakı KOB evi”ndə yerləşən görüş otaqları və konfrans zalı da sahibkarların istifadəsində olacaq.
Sahibkarlara dövlət və biznes xidmətlərinin vahid məkanda təqdim olunduğu “KOB evləri”ndə xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik “KOB evləri”nin əsas üstünlükləridir. Hazırda “KOB evləri” Bakı ilə yanaşı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir. Həmin “KOB evləri”ndə indiyə qədər sahibkarlara 200 minə yaxın xidmət göstərilib. İş adamlarının xidmətlərdən məmnunluq göstəricisi 98%-dir. Növbəti mərhələdə Gəncə şəhərində “KOB evi”nin fəaliyyətə başlaması nəzərdə tutulur.
PhotoStock.az-ın mediaturdan hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: Photostock.az