Bakının Suraxanı rayonunda 184 nömrəli marşrut avtobusunun ağaca çırpılması nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "General Avto Company" daşıyıcı şirkət məlumat verib.
Bildirilib ki, bu gün saat 08:50-də 184 nömrəli avtobus Suraxanı rayonu ərazisində hərəkətdə olarkən yağışlı hava şəraitində idarəetmədən çıxaraq ağaca çırpılıb:
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitəsi təmir üçün qaraja aparılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".
Bakı Suraxanı rayonunda 184 nömrəli marşrut avtobusu ağaca çırpılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Belə ki, 77-JM-499 dövlət nömrə nişanlı 184 saylı marşrut avtobusu idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Sərnişinlərin sözlərinə görə, qəzaya səbəb sürücünün anidən huşunu itirməsi olub:
"Sürücü normal sürətlə avtobusu idarə edirdi. Səhhətində sanki nəsə problem var idi. Anidən huşunu itirdi. Nəticədə avtobus idarəetmədən çıxaraq ağaca çırpıldı. Xoşbəxtlikdən heç kim xəsarət almadı".