Pensilvaniya ştatının rəsmiləri, milli komandaları bu Amerika ştatında futbol üzrə dünya çempionatının matçlarına çıxacaq ölkələrin azarkeşlərinə xüsusi müraciət edərək, Silvestr Stallonenin canlandırdığı məşhur "Rokki Balboa" personajının heykəlini "geyindirməməyə" çağırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə ştatın rəsmi "Instagram" hesabında məlumat yayılıb.
Buna səbəb isə abidə ilə bağlı ehtimal olunan mistik lənətdir.
"Braziliya, Haiti, Fransa, İraq, Kürasao, Xorvatiya və Qana nümayəndə heyətlərinin diqqətinə: Pensilvaniya sizi salamlayır və Filadelfiyada keçiriləcək futbol üzrə dünya çempionatının qarşıdan gələn matçlarında uğurlar arzulayır. Qonaqpərvər ev sahibi kimi, biz Filadelfiyada sənədləşdirilmiş bir fenomen - "Rokki heykəlinin lənəti" barədə məlumatı sizinlə bölüşmək istərdik. Bu məlumatı daha əvvəl təqdim etmədiyimiz üçün təəssüflənirik. Dəfələrlə heykəl Amerika futbolu komandalarının rəngləri ilə bəzədilib və həmin komandalar yekunda məğlub olublar. Ötən həftəsonu Ekvador yığmasının azarkeşləri də heykəli "geyindirmişdilər". Təsadüfdür? Tarix bunun əksini deyir", - deyə ştatın bəyanatında vurğulanıb.