80 yaşlı amerikalı kino ulduzu Silvestr Stallone uzun illər davam edən rəqabət zamanı 79 yaşlı aktyor, Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartseneggerə gül vazası atdığını etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Page Six" nəşri "The Rest Is Entertainment" podkastına istinadən məlumat yayıb.
Stallonenin sözlərinə görə, qarşıdurma hər iki sənətçinin döyüş filmlərində birincilik uğrunda mübarizəsindən qaynaqlanıb. "Qızıl Qlobus" mükafatlandırma mərasimlərinin birində Şvartseneggerin soyuq baxışları ilə qarşılaşan aktyor onun "problem yaradacağını" düşünüb. Növbəti görüşlərində isə Stallone rəqibinə gül vazası fırladıb.
"Page Six" qeyd edir ki, aktyorlar arasındakı rəqabət filmlərinin kassa gəlirlərində də özünü göstərib. Onlar "Rembo" və "Komando" kimi məşhur döyüş filmləri ilə bir-birinə rəqib olublar.
"İnanın, hər şey çox gərgin idi və bu, mənim xoşuma gəlirdi. Bir-birimizi qəzəbləndirdikcə növbəti döyüş filmini daha da mükəmməl etməyə çalışırdıq: daha böyük bıçaq, daha gurultulu silah, daha çox cəsəd, daha yaxşı çəkiliş məkanı və sair. Bütün bunlar filmlərin keyfiyyətini yüksəldirdi", - deyə Stallone bildirib.
Hər iki ulduz 1991-ci ildə "Planet Hollywood"un təsisçiləri və sərmayəçiləri sırasında yer alıb. Stallonenin sözlərinə görə, həmin dövrdə münasibətləri o qədər gərgin olub ki, tanıtım tədbirlərində eyni vaxtda səhnəyə çıxa bilməyiblər.
Aktyor onların Şvartseneggerin siyasətə gəlişindən sonra barışdıqlarını qeyd edib. Şvartsenegger 2003-cü ildə Kaliforniya qubernatoru seçkilərində qalib gəlib. Daha sonra keçmiş rəqiblər tütün mağazasında görüşərək birlikdə siqar çəkiblər. Stallone həmin vaxtdan yaxın dost olduqlarını vurğulayıb.
Sənətçi maliyyə baxımından rəqabətlərinin artıq geridə qaldığını da bildirib:
"Amma biz həmişə rəqib olacağıq. Bu, insanın təbiətidir və mənim çox xoşuma gəlir".
Xatırladaq ki, Şvartsenegger 2024-cü ildə qarşıdurmanın ən qızğın vaxtlarında Stalloneni ssenarisini çox zəif hesab etdiyi "Dayan! Yoxsa anam atəş açacaq" komediyasında çəkilməyə həvəsləndirdiyini etiraf etmişdi.
"Sevincimdən göyün yeddinci qatında idim. Çünki mənə elə gəlirdi ki, Stalloneyə çatmağın yeganə yolu onun uğursuzluğa düçar olmasını gözləməkdir", - deyə Şvartsenegger bildirmişdi.