Almaniya yığması Rusiyada təşkil olunan Konfederasiyalar Kuboku çərçivəsində Avstraliya komandasına qalib gəlib.
Oxu.Az-ın məlumatına görə, matç bazar ertəsi, iyunun 19-da, Soçidə “Fişt” stadionunda keçirilib və almanların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın beşinci dəqiqəsində Lars Ştindl Avropa təmsilçisini hesabda irəli çıxarıb. İlk hissənin sona çatmasına dörd dəqiqə qalmış Tomas Roqiç oyunda tarazlığı bərpa edib, lakin 45-ci dəqiqədə Yulian Draksler penalti zərbəsini dəqiq yerinə yetirib və almanlar ilk hissəyə üstün yollanıblar.
İkinci hissənin əvvəllərində Leon Qoreçk Almaniyanın üstünlüyünü iki topa çatdırıb. Avstraliya yığması bu qoldan səkkiz dəqiqə sonra hesab arasındakı fərqi azaldıblar. Tomi Yuriç adını tabloya yazdırıb.
Bundan sonra hər iki tərəfin səylərinə baxmayaraq, oyunda başqa qol olmayıb.
Almaniya yığması üç xalla “B” qrupunda ikinci yerdə qərarlaşıb. Qrupun lideri Çili komandası Yoahim Lövin yetirmələrini əlavə göstəricilərdə üstələyir. İlk görüşlərdə məğlub olan Avstraliya və Kamerun milliləri isə müvafiq olaraq, üçüncü və dördüncü pillələrdə qərarlaşıblar.
S.B.
www.oxu.az