Almaniya milli komandasının futbolçusu Marko Roys 2018-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə oyunda iştirak etməyəcək.
Oxu.Az Report-a istinadən xəbər ki, buna səbəb Dortmund “Borussiya”sının 28 yaşlı yarımmüdafiəçisinin Almaniya çempionatının XXIII turunda “Bayer”lə görüşdə zədələnməsidir.
“Borussiya”nın 6:2 hesabı ilə qalib gəldiyi oyunda rəqib futbolçu ilə mübarizə zamanı bud nahiyəsindən xəsarət alan M.Roys 44-cü dəqiqədə Kristian Pluşiçlə əvəzlənib.
Bir ay yaşıl meydanlardan kənarda qalacaq futbolçu martın 8-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində Portuqaliyanın “Benfika” klubuna qarşı forma geyinməyəcək. O, həmçinin martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçında da iştirak etməyəcək.
Qeyd edək ki, Almaniya millisinin və Dortmund “Borussiya”sının digər üzvü Mario Götse də zədə səbəbi ilə Azərbaycanla oyunu buraxacaq.
E.Ə.
www.oxu.az