“KamAZ” şirkəti üçün Azərbaycan çox vacib və ciddi bazardır”.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında şirkətin baş direktoru Sergey Koqogin deyib.
Onun sözlərinə görə, Azərbaycan da iqtisadi böhranın təsirinə məruz qalıb: “Bizi Azərbaycanda satış həcmlərinin azalması təəccübləndirmir. Amma bizim burada stabil tərəfdaşımız var.
O, Azərbaycanda təkcə “KamAZ” avtomobillərinin köhnə modellərinin satışını həyata keçirmir, həm də yeni modelləri əldə edir.
Azərbaycan stabil siyasi sistemi olan ölkədir. Biz əminik ki, ölkənin gələcək inkişaf üçün kifayət qədər potensialı, resursları və ehtiyatları var. Bu, bizim üçün çox vacib və ciddi bazardır”.
Qeyd edək ki, Bakıda “KamAZ” ASC-nin rəsmi dillerlərinin XXI illik konfransı keçirilib.
Tədbirdə “KamAZ”ın top-menecerləri öz məruzələri ilə dillerlərin qarşısında çıxış ediblər, dəyirmi masalar çərçivəsində avtomobillərin satışı ilə bağlı maliyyə xidmətləri və s. məsələlər müzakirə edilib.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də Tatarıstan prezidenti Rüstəm Minnixanovun Azərbaycana səfəri çərçivəsində “KamAZ” avtomobillərinin “Gəncə Avtomobil Zavodun”da istehsal edilən yığma xəttinin açılış mərasimi olub.
U.A.
www.oxu.az