Ardıcıl dördüncü il təqdim olunan “Vüqar Həşimov Ədalətli Oyun Mükafatı”nın qalibləri məlum olub.
Oxu.Az xəbər verir ki, Hollandiyada keçirilən 81-ci Veyk aan Zee Tata Steel şahmat superturnirində mükafata dünya çempionu Vişvanatan Anand (Hindistan) və Dinarə Saduakasova (Qazaxstan) layiq görülüb.
Qeyd edək ki, bu dəfə münsiflər heyəti Vüqar Həşimovun qardaşı Sərxan Həşimov, turnirin direktoru Yerun van den Berq və baş hakim Pavel Votrubadan ibarət olub. Münsiflər şahmatçıların rəqibə, hakimə, mətbuat nümayəndələrinə və turnirin təşkilatçılarına olan münasibətini qiymətləndirib.
Xatırladaq ki, beynəlxalq səviyyəli “Vüqar Həşimov Ədalətli Oyun Mükafatı” Azərbaycanın mərhum qrossmeysterinin şərəfinə 2015-ci ildə təsis olunub və ilk dəfə 2016-cı ildə Hollandiyada keçirilən 78-ci “Tata Steel” şahmat turnirində təqdim edilib. Turnir “Şahmatın Uimbldonu” hesab olunur və dünyanın ən güclü şahmatçılarının iştirakı ilə baş tutur.