Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ARD-nin iddiasına federasiyadan reaksiya: Dopinqə düşdüklərini bilsəydik...
Almaniyanın ARD telekanalı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəhbərliyini korrupsiyada və müsbət dopinq testlərini gizlətməkdə günahlandırıb.
Oxu.Az xəbər verir ki, telekanalda gedən “Secret Doping – the Lord of the Lifters” (Gizli dopinq – Ağırlıqqaldıranların Lordu) adlı verilişdə IWF-in 20 ilə yaxın Macarıstandan olan prezidenti Tamaş Ayanın dopinq məsələləri zamanı korrupsiyaya bulaşdığı əks olunub.
Orda Macarıstan Milli Anti-Dopinq Agentliyi (HUNADO) ilə işbirliyi qurmuş IWF-in rüşvət halları aşkarlanıb. Belə ki, Moldovadan olan komanda həkimi Dorin Balmusun gizli səsyazısında dopinq testlərin “təmiz” çıxmasına görə daxili yarışlar üçün 55 avro, beynəlxalq yarışlar üçün isə 180 avro aldığı üzə çıxıb.
Bundan başqa, Almaniya Ağırlıqqaldırma Federasiyasının prezidenti Kristian Baumqartner və Avropa Ağırlıqqaldırma Federasiyasının italiyalı prezidenti Antonio Ursonun müsahibələrində 2017-ci ildə Tailanddakı prezident seçkiləri zamanı Ayanın saxtakarlığa yol verdiyi və beləcə beşinci dəfə prezident seçildiyi bildirilib.
Urso IWF-dəki anarxiya ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət etdiyi, lakin “bu, sizin daxili probleminizdir” cavabı aldığını söyləyib.
2009-cu ildəki iclaslardan birində Ayanın federasiyanın ehtiyat fondu üçün azı 5,5 milyon dollar tələb edib aldığı, lakin bunun 10 ildən sonra hesabatda əks olunmadığı bildirilib.
Tailandlı Olimpiya mükafatçısı Siripuç Qulnoy isə müsahibəsində ölkəsində 13 yaşdan qız ağırlıqqaldıranların dopinqdən istifadə etdiyini bildirib. Bununla belə, dopinq testlərdə bu ölkənin qadın idmançılarında dopinq aşkarlanmaması da maraqlı fakt kimi irəli sürülüb.
Verilişdə Azərbaycanla bağlı məqamlar da yer alıb. 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında HUNADO-nun yerinə ABŞ Anti-Dopinq Agentliyi (USADA) dopinq testlərə nəzarət edib və idmançıların otaqlarında şprislər aşkarlayıb. Həmin dünya çempionatında Azərbaycandan altı, Rusiyadan dörd olmaqla ümumilikdə 26 nəfərdə dopinq müəyyən edilib.
Azərbaycanla bağlı daha bir məqam isə budur ki, 2013-cü ildə Azərbaycanın 18 idmançısında dopinq aşkarlansa da, onlardan 12-si gənclər və böyüklər arasında keçirilmiş dünya çempionatları, Avropa birincilikləri, Yay Universiadası və Bakıda baş tutmuş Qran-Pridə mübarizə apara bilib. Lakin həmin 12 idmançının nəticəsi yarışdan sonra dopinqin müsbət çıxmasına görə ləğv olunub.
Bu məsələlərlə bağlı IWF və HUNADO-nun bəyanatı əks olunub. Hər iki qurum demək olar ki, əksər iddiaları təkzib edib. BOK isə bəyanatında bu ittihamların olduqca ciddi və narahatverici olduğunu vurğulayıb, bu məsələlərin IWF və WADA ilə müzakirə edilməli olduğunu vurğulayıb.
Həmçinin bildirilib ki, BOK-un Baş Etika üzrə mütəxəssisi ARD telekanalından Tamaş Ayana qarşı əldə etdikləri sənədləri istəyəcək.
Yeri gəlmişkən, məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mövqeyini də öyrəndik.
Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyevin sözlərinə görə, ARD telekanalında gedən veriliş barədə məlumatlıdırlar. Onun bildirib ki, dopinqə düşmüş azərbaycanlı idmançıların yarışa buraxılması onlar üçün də təəccüblü gəlib:
“Qeyd olunan araşdırma və orada yazılanlarla tanışıq. Amma AAAF-ın 2013-cü ildə cəzalandırılan 18 azərbaycanlı ağır atletin cəza qərarının hansı səbəbdən gec – bir il sonra verilməsi barədə heç bir məlumatı yoxdur. Bu haqda IWF-ə müraciət edilməsinin daha doğru olduğunu hesab edirik. Çünki 18 atletdə qadağan olunmuş maddələr tapılıb və onların hamısı da cəzalandırılıb. Baş verənləri üzücü bir hal kimi qəbul edirik, ancaq bir daha qeyd edə bilərik ki, burada bizim deyəcəyimiz, açıqlama ilə izah edə biləcəyimiz bir durum yoxdur.
Bəli, onlardan bir qrupu həmin müddətdə yarışlarda iştirak edib, uğurlar qazanıblar, amma cəza elan ediləndən sonra həmin nailiyyətlər də ləğv edilib. Əksinə, biz dopinqə düşdüklərini bilsəydik, həmin idmançıları yarışa buraxmazdıq”.
Qeyd edək ki, dörd gün sonra 81 yaşını qeyd edəcək Tamaş Ayan Rumıniyada macar ailəsində anadan olub. O, 1989-2005-ci illərdə Macarıstan Olimpiya Komitəsinin, 1975-2000-ci illərdə IWF-in baş katibi vəzifələrində işləyib.
Ayan 2000-ci ildən isə həmin federasiyanın prezidenti seçilib. O, 2000-2010-cu illərdə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. Həmçinin Ayan Ümumdünya Anti-Dopinq Agentliyində şura üzvü və Beynəlxalq İdman Federasiyaları Ümumi Assosiasiyasında vitse-prezidentdir.
2010-cu ildə BOK-a onun IWF daxilində maliyyə fırıldaqları ilə şikayət edilib. Məsələ İdman Arbitraj Məhkəməsinə (CAS) gedib çıxıb. Lakin nə BOK, nə də CAS IWF-in beynəlxalq hesablarına müdaxilə etmək yurisdiksiyasına malik olmadığından, 2012-ci ildə iş bağlanıb.
Səbuhi Musayev
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər