Azərbaycanın aparıcı karateçilərindən olan Ayxan Mamayev bu il Türkiyədə keçiriləcək mötəbər yarışlarda – Avropa çempionatı və V İslam Həmrəylik Oyunlarında iştirak edə bilməyəcək.
Bu barədə Oxu.Az-a I Avropa Oyunlarının qalibi olmuş idmançının özü deyib.
“Portuqaliyadakı Premyer Liqa turnirindən adımın çıxarılması və ora aparılmamağım aldığım ciddi zədə ilə bağlıdır. Martın 19-da Xorvatiyanın Samobor şəhərində keçirilən Qran-prinin yarımfinalında döyüşərkən sol bud nahiyəmdə arxa əzələ cırıldı. Şükür Allaha, əməliyyata ehtiyac olmadı. Amma 5-6 ay yarışa bilməyəcəyəm. Ona görə də Avropa çempionatı və İslamiadada iştirak edə bilməyəcəyəm. Ola bilsin ki, İslamiadaya kimi düzəlim, amma dəqiq Avropa çempionatında olmayacağam”.
2021-ci ilin avqustun karyerasını bitirən, yanvarda ölkə çempionatında çıxış etməklə onu bərpa edən Ayxan Mamayev bəxtinin gətirmədiyini dilə gətirib:
“Məni uğursuzluqlar izləyir. Görünür, kiminsə üzərimdə gözü, nəzəri var. Çalışacağam ki, sentyabrda Bakıda keçiriləcək Premyer Liqa yarışında iştirak edim”.
Qeyd edək ki, karate üzrə Avropa çempionatı 25-29 mayda Qaziantep, İslamiada isə 9-18 avqust tarixlərində keçiriləcək.
Səbuhi Musa
14:01
Azərbaycan karateçiləri 22-24 aprel tarixlərində mövsümün ikinci Karate1 Premyer Liqa turnirində iştirak etmək üçün Portuqaliyanın Matuzinyuş şəhərinə yollanıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 14 idmançı yer alıb.
Kişilərdən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov məsul yarışda Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli (hər üçü -60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi -67 kq), Fərid Ağayev (-75 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi -84 kq), Asiman Qurbanlı və Osman Osmanlıya (hər iksi +84 kq) üstünlük verib.
Qadınların baş məşqçisi Denis Morozov isə Mədinə Sadiqova (-50 kq), İlahə Qasımova (-55 kq), Ayla Rzazadə (-61 kq) və İrina Zaretskayanı (-68 kq) müşayiət edəcək. Beynəlxalq hakimlərdən Cahangir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olacaqlar.
Matuzinyuşda Karate1 Premyer Liqa turnirinə 58 ölkədən 351 idmançı qatılacaq.
Qeyd edək ki, əvvəl sifariş olunmuş idmançılardan yanvarda karyerasını bərpa edərək ölkə çempionu olmuş Ayxan Mamayev (-84 kq) və Fəridə Əliyeva (+68 kq) yarışa aparılmayıblar. Əvəzində İlahə Qasımova (-55 kq) heyətə daxil edilib.