Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda yeni jurnalist assosiasiyası yaradılır: Yanvardan fəaliyyətə başlayacağıq
Yaxınlarda Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) fəaliyyətini tənqid etmişdi. O bildirmişdi ki, həmin qurumun fəaliyyətindən narazıdır və yeni qurumun yaradılmasına ehtiyac var.
Oxu.Az bu münasibətlə “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyevlə əlaqə saxlayıb. O bildirib ki, Azad Rəhimov bu barədə onunla danışıb:
“Bir neçə dəfə Azad müəllimlə bu barədə söhbətimiz olub. Mən uzun illər AİJA üzvü olsam da, özüm bu qurumun fəaliyyətsizliyindən narazıyam. Ona görə də artıq orada təmsil olunmuram. Cənab nazirin tapşırığından sonra lazımi addımlar atılıb, prosesə start verilib. Böyük ehtimalla, yanvarda yeni təşkilatın fəaliyyəti ilə bağlı məlumat verəcəyik. İdman jurnalistlərini bir araya toplayıb, görülən işlər və məqsədlər barədə ətraflı məlumat verəcəyik, onların fikrini öyrənəcəyik”.
Əməkdar jurnalist, Milli Olimpiya Komitəsinin və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvlərindən olan Qabil Mehdiyev bildirib ki, yeni təsis edilən qurumun Beynəlxalq təşkilata üzvlüyü çətin olsa da mümkündür:
“Lakin ilkin mərhələdə bizim üçün əsas məqsəd ölkə idman jurnalistikasının problemlərinin həlli olacaq”.