Beynəlxalq İdman Jurnalistlərinin Assosiasiyasının (AİPS) Bakıda keçirilən 77-ci konqresində Azərbaycanın paytaxtı ilə tanışlıq üçün mediatur təşkil edilib.
Oxu.Az Vzqlyad.az-a istinadən xəbər verir ki, tur çərçivəsində jurnalistlərə Bakının tarixi abidələri, küçələri və prospektləri haqqında, eləcə də birinci Avropa Oyunları-2015-in keçiriləcəyi idman kompleksləri barədə ətraflı məlumat verilib.
AİPS-in 77-ci konqresində 130 ölkədən gələn 300-ə yaxın idman jurnalisti iştirak edir.
“Avropa Oyunlarının təntənəli açılış mərasimi sürprizlərlə dolu və əsrarəngiz olacaq. Tədbirdə dünyaca məşhur insanların iştirak edəcəyi istisna deyil”, - bunu oyunlara hazırlıq və açılış mərasimi barədə suallara cavab verərkən Bakıda Avropa Oyunları Kordinasiya komitəsinin icraçı direktorunun müavini Mayk Loynd deyib.
Onun sözlərinə görə, birinci Avropa Oyunlarının keçiriləcəyi idman kompleksləri yarışlar başlayana qədər tam hazır olacaq.
O qeyd edib ki, oyunlarda yeddi minə yaxın idmançının iştirak edəcəyi gözlənilir.
“Bakıda Avropa Oyunlarının keçirilməsi bütün Avropanın gözlədiyi böyük bir hadisədir”, - o deyib.