Türkiyəli aktrisa və rejissor Dərya Durmazın “Tsiatsan” adlı qısametrajlı filminin Parisdə Cənub-Şərqi Avropa Kinofestivalı çərçivəsində premyerası olacaq.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, xarici mətbuatın verdiyi məlumata görə, İstanbuldakı “Giyotin Film” kino şirkətinin istehsalı olan 15 dəqiqəlik filmin ssenari müəllifi prodüser və kino tənqidçisi Əminə Yıldırımdır.
Filmdə 4 yaşlı erməni qızı Tsiatsanın Türkiyədən hədiyyə kimi gətirilən şokoladdan daha çox əldə etmək üçün dayısının maşınının yük yerində gizlənməsindən bəhs olunur.
Filmin ilk premyerası Parisdə keçirildikdən sonra mayın 5-dən 10-dək İraqda – Ərbil beynəlxalq kinofestivalında nümayiş etdiriləcək. Sonra filmin Almaniyaya aparılaraq Hamburqdakı “Mo&Friese” qısametrajlı uşaq kinofestivalında nümayişi planlaşdırılır. Filmin son nümayişi iyunun 6-dan 15-dək Portuqaliyanın Setubal şəhərində keçiriləcək Festorii Beynəlxalq kinofestivalında olacaq.