Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Oxu.Az-ın məlumatına görə, ikinci oyun günündə E, F, G və H qruplarından 1/8 final mərhələyə vəsiqə qazanan 8 komandanın adı məlum olub.
E qrupunda İngiltərənin “Liverpul” klubu sonuncu turda Rusiyanın “Spartak” komandasını darmadağın edib - 7:0. İspaniyanın “Sevilya” komandası isə səfərdə Sloveniyanın “Maribor” klubu 1:1 hesablı bərabərliyə qalıb. Bu nəticələrdən sonra “Liverpul” birinci “Sevilya” isə ikinci yerdən “pley-off”a vəsiqəni təmin edib.
F qrupunda son turda lider “Mançester Siti” səfərdə Ukraynanın “Şaxtyor” komandasına 2:1 uduzub. İtaliyanın “Napoli” komandası səfərdə Hollandiyanın “Feyenord” klubuna eyni hesabla məğlub olub. Neapol təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək. “Mançester Siti” və “Şaxtyor” isə müvafiq olaraq birinci və ikinci pillədən 1/8 final mərhələsinə vəsiqə qazanıblar.
G qrupunda Türkiyənin “Beşiktaş” klubu səfərdə Almaniyanın “Leipzig” kollektivini 2:1 hesabı ilə üstələyib. “Qara qartallar” növbəti mərhələyə qrup lideri kimi yüksəliblər. Doğma meydanda Fransanın “Monako” komandasına 5:2 hesabı ilə qalib gələn “Porto” klubu isə qrup ikincisi olub.
Sonuncu H qrupunda hər şey əvvəlcədən məlum idi. Belə ki, sona bir tur qalmış “Tottenhem” və “Real” komandaları “pley-off” mərhələsinə vəsiqəni təmin etmişdilər. Bununla belə sonuncu turda İngiltərə təmsilçisi APOEL klubunu (3:0), İspaniya təmsilçisi isə “Dortmund” komandasını (3:2) məğlub etməyi bacarıb.
Beləliklə, Çempionlar Liqasının 2017/2018 mövsümünün qrup mərhələsinə yekun vurulub.
“Mançester Yunayted” (İngilətərə), PSJ (Fransa), “Roma” (İtaliya), “Barselona” (İspaniya), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Beşiktaş” (Türkiyə) və “Tottenhem” (İngiltərə) birinci, “Bazel” (İsveçrə), “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə), “Yuventus” (İtaliya), “Sevilya” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Porto” (Portuqaliya) və “Real” (İspaniya) isə ikinci yerdən 1/8 final mərhələsinə yüksəliblər.
“Pley-off” mərhələsinin püşkatma mərasimi dekabrın 11-də keçiriləcək.
S.B.
www.oxu.az