“Ailə həyatımda belə vəziyyət ilk dəfədir yaşayıram. Ad günümü ailəm, yaxınlarım olmadan qeyd edirəm. Ancaq biz hamımız bununla qarşılaşmışıq. Ümid edirəm ki, yaxın müddətdə həyat axarına düşəcək”.
Oxu.Az xəbər verir ki, bunu “Səbail”in ukraynalı futbolçusu Aleksandr Rıbka “Komanda 1” saytına müsahibəsində deyib.
Üç gün əvvəl 33 yaşını tamamlamış Kiyev “Dinamo”su və “Şaxtyor”un sabiq qapıçısı Bakıda karantin dövründə ad gününü necə qeyd etməsindən danışıb:
“Ailəmlə onlayn danışdım. Texnologiya sayəsində, demək olar ki, real görüş alındı. Həyat yoldaşım bura tort sifariş etdi, qızım “Instagram”da kollaj fotomuzu yaydı, onlar plakat hazırladılar. Çox xoş və təsirli idi, hətta göz yaşları da tökdük... Əgər karantin olmasaydı, aprelin 11-də “Səbail”lə çempionat oyunumuz vardı”.
Estoniya və Almaniya milliləri ilə görüşdə Ukraynanın qapısını qorumuş Rıbka Azərbaycandakı karantin barədə fikirlərini bölüşüb:
“Həmişə Kiyevlə əlaqədəyəm. Ona görə də deyə bilərəm ki, burada karantin daha sərtdir. Bizim binanın həyətində bir mağaza var, ora problemsiz getmək olur. Marketə getmək lazımdırsa, xüsusi nömrəyə ismarıc göndərmək lazımdır və cavabında SMS-lə razılıq alınmalıdır. Artıq iki dəfə bu üsulla bayıra çıxmışam. Tanış uşaqlar deyirlər ki, şəhərdə postlar var. Maşınları saxlayırlar, icazə SMS-nin olub-olmadığını yoxlayırlar. Ona görə də SMS göndərmək yaxşıdır ki, sonra problemlə üzləşməyəsən.
Mağazaya yalnız maska, əlcək geyinib gedə, əllərinizə antiseptik tökə bilərsiniz. Karantin yeni başlayanda dəniz sahilində qaçmaq, meydançada basketbol oynamaq mümkün idi. İndi isə hamıya evdən bayıra çıxmaq qadağası qoyulub. Deyirlər ki, Kiyevdə Obolon sahili boyunca qaçmaq olar. Burada isə belə imkan yoxdur.
Statistikaya mən inanmıram. Bu, bütün ölkələrə aiddir. Koronavirusla bağlı vəziyyət statistikadakı göstəricilərdən çox da, az da ola bilər. Azərbaycanda çox sayda xəstə yoxdur. Hakimiyyət virusun yayılmaması üçün bütün tədbirləri səmərəli şəkildə həyata keçirib”.
Evdə “Səbail”in qapıçılarla iş üzrə məşqçisi Fərhad Vəliyev, fiziki hazırlıq üzrə makedoniyalı çalışdırıcı Toni Boqdanovskinin tapşırıqlarını icra etdiyini deyən Rıbka niyə Ukraynaya qayıtmadığına da aydınlıq gətirib:
“3-4 günlük “pəncərə” vardı. Klubla əlaqə saxladım, oradan dedilər ki, çempionat tezliklə bərpa oluna və ya məşq edə bilərik. Ona görə də Bakıda qaldım. Ukraynalı legionerlərdən başqa ölkədə qalan tək mən deyiləm. Yaxınlarda Kolya Morozyukla zəngləşdik, o da Türkiyədədir. Jenya Makarenko da Belçikadadır.
Klubda maaşlarımızın azaldılması barədə müzakirə aparılmayıb... Burada karantin aprelin 20-dək, Ukraynada isə aprelin 24-dək nəzərdə tutulur.
Bizim səkkiz matçımız qalıb. Fikrimcə, çempionatın bərpası, yəqin ki, mayın sonları və ya iyunun əvvəllərindən tez olmayacaq. UEFA bildirib ki, çempionatı bitirməmiş qalibləri və mükafatçıları müəyyənləşdirən ölkələr avrokuboklardakı yerdən məhrum edilə bilər. “Qarabağ”, “Neftçi” kimi klublar avrokuboklarda iştirak etməklə yaxşı maliyyə gəliri əldə edir. Ona görə də burada hamı maraqlıdır ki, çempionat bərpa olunsun və sonadək oynanılsın”.
Səbuhi Musayev