Daşkənddə keçirilən Asiya Çövkən Çempionatı yekunlaşıb. Üç gün davam edən mötəbər turnirdə gərgin mübarizələr, dolu tribuna qarşısında maraqlı oyunlar və zəngin milli ənənələr nümayiş etdirilib.
Oxu.Az xəbər verir ki, final qarşılaşmasında meydan sahibi - Özbəkistan millisi rəqibi Pakistanı 4:0 hesabı ilə məğlub edərək Asiya Çempionatının qalibi olub.
Ev sahiblərinin dəqiq taktika və sürətli hücumları həlledici amil kimi yadda qalıb.
Pakistan isə finala qədər sabit çıxışı ilə turnirin ən güclü kollektivlərindən biri olduğunu göstərib və ikinci yeri tutub. Üçüncü yer uğrunda oyunda Qazaxıstan millisi BƏƏ-ni 6:3 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.
Beşinci yer qarşılaşmasında isə Qırğızıstan komandası Honkonq üzərində 2:0 hesablı qələbə qazanıb.
Turnirin yekun sıralaması belə formalaşıb:
1. Özbəkistan - Çempion;
2. Pakistan - 2-ci yer;
3. Qazaxıstan - 3-cü yer;
4. BƏƏ - 4-cü yer;
5. Qırğızıstan - 5-ci yer;
6. Honkonq - 6-cı yer.
Beləliklə, dünya çempionatında Azərbaycan yığmasının növbəti rəqibləri də bəlli olublar - Özbəkistan və Pakistan.
Qeyd edək ki, Avropa Çövkən Çempionatında da gərgin mübarizə nəticəsində Malta və Polşa dünya çempionatına vəsiqə qazanıblar. Asiya Çempionatı yalnız idman uğurları ilə deyil, eyni zamanda, xalqlar arasında dostluğun və çövkənin beynəlxalq arenada nüfuzunun güclənməsi ilə də yadda qalıb.