Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) və 55 sayda milli futbol assosiasiyasının hakimləri Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) 2026/27-ci illər mövsümü üçün qaydalara etdiyi düzəlişlərə dəstək verib.
Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.
Keçirilən onlayn görüşdə IFAB nümayəndəsi də iştirak edib.
Toplantıya sədrlik edən UEFA-nın hakimlik məsələləri üzrə direktoru Roberto Rozetti bildirib:
"Oyun qaydalarının daha ardıcıl tətbiqinə yönəlmiş tövsiyələrin bütün 55 milli assosiasiya ilə razılaşdırılması mühüm hadisədir. Bu, futbolçulara, klublara, azarkeşlərə və bütün maraqlı tərəflərə hakimlərin qərarlarını daha yaxşı anlamağa kömək edəcək. Futbolun populyarlığı üçün hər hansı şübhələri aradan qaldırmaq və qaydaların dəqiq tətbiqini təmin etmək son dərəcə vacibdir".
Qeyd edək ki, 2026-cı il dünya çempionatı (DÇ-2026) üçün qaydalara bəzi dəyişikliklər tətbiq edilib. Oyunçu və ya komanda topu autdan oyuna daxil edərkən yubadarsa, beş saniyəlik vizual geriyə sayım istifadə olunacaq. Əvəzetmə zamanı futbolçuların meydanı tərk etməsi üçün on saniyəlik vaxt limiti müəyyənləşdirilib. Bu limit aşılarsa, əvəzedici oyunçu bir dəqiqə bitdikdən sonra yaranan ilk fasiləyə qədər meydana daxil ola bilməz. Həmçinin, oyunçu və ya komanda qapıdan zərbəni yubadarsa, beş saniyəlik vizual geriyə sayım tətbiq ediləcək. Vaxt limiti keçilərsə, rəqib komandaya künc zərbəsi verilir.
Bu dəyişikliklər oyunun bərpasını sürətləndirmək, onun bütövlüyünü qorumaq, lüzumsuz fasilələri azaltmaq, eyni zamanda matçların baxımlılığını və keyfiyyətini qoruyub saxlamaq məqsədi daşıyır.