Almaniya və Türkiyə 2024-cü ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün müraciət edən yeganə ölkələr olublar.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
UEFA-nın məlumatında deyilir ki, çempionatlığa ev sahibliyi üçün yalnız bu iki ölkənin futbol federasiyaları ərizə veriblər, müraciətin vaxtı martın 3-də başa çatır.
Danimarka, Norveç, İsveç və Finlandiya birgə müraciətin verilməsi variantını nəzərdən keçirirdilər, amma bu plandan imtina etdilər.
Hazırda Almaniya və Türkiyə 2018-ci ilin aprel ayı üçün müraciətin tam formasını hazırlamalıdırlar, sentyabrda isə UEFA hansı ölkənin bu çempionata ev sahibliyi edəcəyinə dair qərar verəcək.
2024-cü ildə Avropa çempionatı bir ölkədə baş tutacaq. “AÇ-2020” Avropanın 13 ölkəsinin 13 şəhərində keçiriləcək.
UEFA-nın baş katibi Teodor Teodoridis Almaniya və Türkiyəni güclü namizədlər adlandırıb. Onun sözlərinə görə, onlar arasında seçim çətin qərar olacaq.
Qərbi Almaniya 1974-cü ildə DÇ, 1988-ci ildə AÇ-na ev sahibi olub. 2006-cı ildə isə DÇ birləşmiş Almaniyada keçirilib.
Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrindel bildirib ki, Almaniya artıq mövcud olan idman infrastrukturu və böyük təcrübə sayəsində səviyyəli turnir təşkil edə bilər.
Türkiyə isə heç bir zaman belə böyük turnirlər keçirməyib. O, Yunanıstan ilə birgə keçirmək istədiyi “AÇ-2008”-ə ev sahibliyi uğrunda mübarizədə məğlub olub. Daha sonra Türkiyə 2012 və 2016-cı illərin AÇ-na ev sahibliyi etmək üçün namizədliyini irəli sürsə də, bu cəhdlər də uğursuzluqla nəticələndi.
N.О.
www.oxu.az