Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hidayət Heydərov reytinq sıralamasında üçüncü pilləyə enib
Olimpiya çempionu Hidayət Heydərov (73 kq) bütün çəki dərəcələri üzrə cüdoçular arasında topladığı reytinq xallarına görə üçüncü yerə enib.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) ümumi cədvəlində həm kişi, həm də qadınların dünya reytinqindəki lider cüdoçuların göstəriciləri əks olunub.
Paris-2024-dəki çempionluğundan sonra tatamiyə çıxmayan azərbaycanlı cüdoçu ikinci yerdən üçüncü yerə düşüb. Onun hesabında hazırda 5400 xal var. Ayın əvvəlində bu göstərici 6544 idi, lakin zaman keçdikcə əvvəlki nəticələrin reytinq "dəyər"i aşağı düşüb.
Bununla belə, Heydərov kişilər arasında ən yüksək nəticəyə sahibdir. O, yalnız Fransanı təmsil edən qadın cüdoçular - Amandin Buşar (5700 xal) və Romane Dikodan (5650 xal) geri qalır.
Digər Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) isə topladığı 4920 xalla siyahıda doqquzuncu pillədə qərarlaşıb.