Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Yaponiyanın Sika şəhərinin meri Koizumi Masaru arasında onlayn görüş keçirilib.
Görüş zamanı Komitə prezidenti İlqar Rəhimov iştirakçılara komitə haqqında məlumat verib.
O qeyd edib ki, 1996-cı ildə iki idmançı ilə başlanılan Azərbaycan Paralimpiya hərəkatına bu gün minlərlə idmançı qoşulub. İdmançılarımız bu günə qədər altı Paralimpiya Oyunlarında iştirak edib, onlarla medal qazanıb. İdmançılarımızdan yeddisi Paralimpiya çempionu olub ki, onlardan da iki nəfəri turnirin ikiqat qalibidir.
İ.Rəhimov komitə ilə Sika şəhəri arasında ötən il imzalanmış memorandum çərçivəsində azərbaycanlı paralimpiyaçıların “Tokio-2020” Oyunlarına qatılması ərəfəsində Sika şəhərində hazırlıq keçmələri üçün yaradılmış yüksək şərait üçün təşəkkürünü bildirib. Komitə prezidenti onu da qeyd edib ki, hazırlıq mərhələsi oyunlarda göstəriləcək nəticələrə müsbət təsir göstərəcək.
Sika şəhərinin meri Koizumi Masaru öz növbəsində ölkəsinin Paralimpiya dəyərlərinə önəm verdiyini bildirib. Paralimpiya Komitəsi və Sika şəhəri ilə əlaqələrin gələcəkdə möhkəmləndirilməsini vacib hesab edərək müxtəlif sahələrdə birgə iş qurulmasını dəstəklədiyini diqqətə çatdırıb. Eyni zamanda mer Azərbaycan paralimpiyaçılarının Sika şəhərində “Tokio-2020” Yay Paralimpiya oyunlarına hazırlıq keçməsini hər iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdiyini bildirib.
Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov və Sika şəhərinin xarici əlaqələr üzrə rəhbəri Ooya iştirak ediblər.
