Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Köhlən atlar” üçün “ölüm-dirim” oyunu
Sabah Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşünə çıxacaq.
Oxu.Az xəbər verir ki, komandamız saat 21:00-da Moldova çempionu “Şerif”lə qarşılaşacaq.
Bu görüş nəinki “Qarabağ”, bütün Azərbaycan futbolu üçün ölüm-dirim qarşılaşması anlamına gəlir. Çünki digər klublarımız üçün mübarizə artıq çoxdan başa çatdığı halda, “Qarabağ”ın ən azı dekabrın sonlarınadək Azərbaycan azarkeşinə avrokubok həyəcanı yaşatmaq imkanı var.
Yəqin, Qurban Qurbanov və onun komandası da çox gözəl anlayır ki, son illərədək inkişafda olan klub futbolumuzda birdən-birə yaranan uçurumun hiss edilməməsi üçün “Qarabağ” bu mərhələni keçməyə borcludur. Əks halda biz cari mövsüm səkkiz komandalı məzmunsuz və ictimaiyyətdə maraq doğurmayan çempionatı izləməklə yetinməli olacağıq.
Rəqib kimdir? “Şerif”. Ötən mövsüm “Qarabağ”ın Tiraspolda qalib gəldiyi, bir həftə əvvəl isə 0:1 uduzduğu “Şerif”. “Şerif” həminki “Şerif”dir. Amma “Qarabağ” yox... Klub hələ də yeni transferlərin köhnələrə uyğunlaşmamasından əziyyət çəkir.
Və ya başqa cür desək, yeni transferlərin hamısı tamlıqla komandadan ayrılanların yerini doldura bilməyib. Məsələn, İnnosent Emeqara Çinə yollanan Dino Ndlovunun, Simeon Slavçev Qazaxıstana gedən Rişard Almeydanın yoxluğunu hiss etdirməkdədir.
“Qarabağ” futbolçularının sıx qrafikdən şikayət etməyə haqqı yoxdur. Azərbaycan Premyer Liqasının ilk turunda “Zirə”yə qarşı oynamamaqla özünə istirahət verən Ağdam komandası son turda “Neftçi” ilə matçda da özünəməxsus istirahət edib.
Vaqner da Silva, Maksim Medvedev, Rəşad Sadıqov, Abdellah Zubir, Bədəvi Hüseynov həmin matçda ehtiyatda olub. Mahir Mədətov ikinci hissədə, Qara Qarayev 62-ci dəqiqədə meydana çıxıb. Donald Qerye isə əsas vaxtın cəmi üç dəqiqəsini meydanda olub. Əsas heyət üzvü adlandıra bildiyimiz futbolçulardan yalnız Slavçev, Emeqara və Dzon Delarj start heyətdə meydançaya ayaq basıb.
Bu istirahət taktikasından belə anlaşılır ki, yenə son günlər daha çox həlledici səhvləri ilə gözəl oyununu kölgədə qoyan Rəşad Sadıqov start heyətdə olacaq, Yakub Jezniçak isə ehtiyatda zamanını gözləyəcək.
Olsun. Yetər ki, Rəşad ictimaiyyət arasında son günlər ona qarşı olan etimadsızlıqdan qeyzlənsin, kapitanı olduğu komandanın futbolçularını bir araya gətirib onları bu “ölüm-qalım savaşı”ndan qalib ayrılmağa kökləyə bilsin.
Biz buna ümid edirik. Ümidimiz iki top fərqli qələbəyədir. Bizi, futbolumuzu ağ günə çıxaracaq qələbə məhz bu oyundan keçir. Haydı, köhlən atlar, toparlanın! Şaha qalxıb kükrəməyin, Avropaya yenidən səs salmağın vaxtıdır!
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər