İngiltərə Premyer Liqasının XVIII turunda daha 4 qarşılaşma keçirilib.
Oxu.Az xəbər verir ki, “Bornmut”a qonaq olan “Kristal Pelas” 2:0 hesablı qələbə qazanıb.
“Fulhem” öz meydanında “Sauthempton”a qalib gəlib – 2:1.
“Nyukasl” isə “Lids”lə qolsuz bərabərliyə razılaşıb – 0:0.
Günün əsas hadisəsi isə Mançesterdə baş verib. “Mançester Siti” “Everton”u qonaq etdiyi matçda 1 xala qane olub. Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda sülhə “imza atıblar”.
Bu nəticə ilə “Arsenal”la girdiyi amansız çempionluq yarışında ciddi zərbə alan “şəhərlilər” “topçular”dan 4 xal geri düşüb. Hazırda “Arsenal”ın 15 oyundan sonra 40, “Mançester Siti”nin isə 16 oyundan 36 xalı var.
Londonluların ehtiyatda bir oyununu olduğunu nəzərə alsaq, fərqin böyüyəcəyi istisna deyil.