Milli Olimpiya Komitəsinin (MOK) 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları – Uğur Hekayələri” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Oxu.Az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin qatıldığı mükafatlandırma mərasimi səmimi şəraitdə baş tutub.
Maraqlı məqam ondan ibarət olub ki, qalib jurnalistlər haqqında yazdıqları qəhrəmanları öz təşəbbüsləri ilə mükafatlandırmaya dəvət edib. Ç.Hüseynzadə hər üç yazını çox maraqla oxuduğunu və bunu hər üç idmançının ona əziz olması ilə əlaqələndirib. O, belə yazıların keçmiş Olimpiya medalçılarının unudulmaması üçün lazım olduğunu və gələcək nəsil üçün istinad nöqtəsi ola biləcəyini vurğulayıb. MOK vitse-prezidentinin sözlərinə görə, gələcəkdə də media ilə bu növdə əməkdaşlıq ediləcək.
Qaliblər arasında yer alan Oxu.Az-ın əməkdaşı Səbuhi Musayev isə maraqlı faktı diqqətə çatdırıb. O, çıxışında bildirib ki, haqqında yazdığı 2008-ci ildəki Pekin Olimpiadasının boks üzrə bürünc medalçısı Şahin İmranov, eləcə də digər qaliblərin qəhrəmanları – Olimpiada mükafatçısı Fuad Aslanov (boks) və ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (cüdo) Sumqayıt məktəbinin yetirmələridir.
Daha sonra qaliblərə diplomlar təqdim olunub. Münsiflər heyətinin qərarı əsasında Sənan Abdullayevin (Xezerxeber.az) “Afina kəşfiyyatçısı” yazısı I yerin, Sahib Əsədbəylinin (Kaspi.az) “Zirvənin yolunu gözüyumulu tapan əsl qəhrəman” yazısı II yerin və Səbuhi Musayevin (Oxu.Az) “Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi” yazısı isə III yerin sahibi kimi mükafatlandırılıb.
Qeyd edək ki, Oxu.Az-ın Milli Mətbuat Günü ilə bağlı daha bir yazısı Azərbaycan İdman Jurnalistləri Federasiyasının keçirdiyi müsabiqədə yer tutmuşdu. Saytımızın əməkdaşı Səbuhi Musayevin idman jurnalistikasının problemlərinə dair yazdığı məqalə ikinci yerə layiq görülmüşdü.