UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində sabah Bakıda keçiriləcək “Qarabağ” – “Şerif” (Moldova) oyununun hakimləri dəyişdirilib.
AFFA-nın saytı xəbər verir ki, bu görüşü ukraynalı hakimlər idarə edəcək:
Baş hakim Nikolay Balakin olacaq. Ona Viktor Matyaş, Sergey Pristupa assistent referi, Andrey Kovalenko isə dördüncü hakim qismində kömək edəcək.
Oxu.Az-ın məlumatına görə, Balakin 2017-ci ilin iyulun 6-da UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda “İnter” – “Mladost” (Serbiya) oyununu idarə edib.
Görüş indi “Keşlə” adlanan klubun 2:0 hesablı qələbəsi ilə başa çatmış, qonaqlardan Aleksandar Peyoviç ilk hissəyə əlavə olunmuş dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulmuşdu.
Qeyd edək ki, əvvəl bu görüşün hakimlər briqadasının Qazaxıstandan olacağı, baş hakim kimi Furkat Atacanovun təyin edildiyi bildirilmişdi.
Səbuhi Musayev