“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, Bakı komandası Cavid Hüseynovla anlaşıb.
31 yaşlı yarımmüdafiəçi ilə ikillik müqavilə bağlanılıb. Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Dəmirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib.
Cavid həmçinin Azərbaycan yığmasında meydana çıxdığı 52 oyunda iki dəfə fərqlənib.
Cavid Hüseynov keçidi ilə bağlı bunları bildirib: “Zirə” rəhbərliyi və baş məşqçi Samir Abbasovun məni komandada görmək istədiklərini bilirdim. Klub rəhbərliyi ilə müzakirələr apardıq. Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə bu gün müqavilə bağladıq, “Zirə” ilə müqavilə imzaladığıma görə şadam”.
Qeyd edək ki, “Qəbələ” bu gün kapitanı Cavid Hüseynovla yollarını ayırdığını bəyan edib.
19.46
“Qəbələ” yarımmüdafiəçi Cavid Hüseynovla yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, 31 yaşlı futbolçu 2019/20-ci illər mövsümündən “qırmızı-qaralar”ın formasını geyinməyəcək.
Bu komandanın heyətində 2014/15 illər mövsümündə debüt edən yarımmüdafiəçi keçirdiyi 117 oyunda 20 qol vurub. Cavid Premyer Liqada 87 matçda rəqib qapılardan 15 top keçirib. Ölkə kubokunda 19 matça çıxan yarımmüdafiəçi iki qola sevinib. O, UEFA Avropa Liqasının 11 görüşündə üç dəfə fərqlənib.
Orta sahə oyunçusu “qırmızı-qaralar”ın heyətində üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/15 mövsümündə bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/17 və 2017/18 mövsümlərində yarışın finalçısı olub.
Futbolçu keçirdiyi 117 matçdan 72-də meydana komandanın kapitanı kimi çıxıb.
Qeyd edək ki, Tale Heydərovun klub prezidenti postundan gedişindən sonra “Qəbələ” iddiasız kluba çevrilib. Daha əvvəl komandanı klubun meneceri Səbuhi Səfiyarlı tərk edib, legionerlərin də komandadan ayrılacağı gözlənilir.
Səbuhi MUSAYEV