"Beş ildən çox idi ki, adım ştatdankənar Dövlət Gömrük Komitəsinin (DGK) işçisi kimi gedirdi. Ancaq rəsmi maaş almırdım".
Bunu Oxu.Az-a karate üzrə Olimpiya mükafatçısı, beşqat dünya çempionu Rafael Ağayev deyib.
O, Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Gömrük xidməti mayoru olan Rafael Ağayev bu məsələnin alınmasında "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfovun böyük əməyinin olduğunu bildirib:
"Video layihələrdən birində də bu orqanda işləmək istədiyimi bildirmişdim. "Qəbələ"nin indiki prezidenti Fariz Nəcəfovla bir yerdə karate məşqi keçmişik. Onun bu məsələdə rolu çox oldu. Daha sonra DGK-nin sədri, general-polkovnik Səfər Mehdiyev şəxsən özü məni çağırıb qəbul etdi. Dedi ki, mənim üçün sənin bizim əməkdaşımız olmağın xoşdur. Mənə mayor rütbəsi və şöbə rəisi vəzifəsi verildi.
Bu işlə bağlı çox adama Olimpiadadan sonra müraciət etmişdim. Amma heç kim kömək olmadı. Fariz Nəcəfov sağ olsun, bu məsələdə mənə çox kömək etdi. Sədrimiz Səfər Mehdiyevə isə mənə iş verdiyi üçün təşəkkür edirəm".
Səbuhi Musa